“Sentyabrın 27-dən mən cəbhədən çıxmamışam. Müharibə başlayandan düz 4 dəfə tutulmuşam. Sadəcə, bu barədə heç yerdə deməmişəm. 1-2 gün həbsdə olub çıxmışam. Bu işdə başıma gəlməyən iş qalmayıb. Kürəyimdə yaralı da daşımışam, şəhid də”.
Tanınmış fitnes məşqçi, xeyriyyəçi Kamil Zeynallının Bizim.Media üçün verdiyi müsahibənin II hissəsini təqdim edirik.
-Əsgərlərə yardım edirsiniz, hazırda ölkədə koronavirus pandemiyasına görə sərt karantin rejimi tətbiq olunub. Hazırda o insanlara kömək edirsiniz?
- Yox, bu dəfə biz sırf əsgərlərə yardım edirik. Çünki buna imkanım çatmaz. Mən bir qurum deyiləm ki, yardım üçün vəsait toplayım. Ətrafımda olan insanların köməyi ilə yardım edirik. Mən heç vaxt kart paylaşıb pul yığmamışam. Əgər fondumuz olsa idi, onda yardımlar davam edə bilərdi.
- Nə əcəb bu barədə düşünmürsünüz?
- Yox, bu dövlət tərəfindən tənzimlənən bir işdir. Düzdür mən işi çox gözəl bacararam, çünki bu işi demək olar ki, Azərbaycan xalqına mən sevdirmişəm. Lakin mən özbaşına qurum yarada bilmərəm.
- Şəhid ailələrinə və qazilərə dəstək olmaq üçün Prezident İlham Əliyevin sərəncamı ilə “YAŞAT” fondu yaradılıb. Ora hər hansı bir vəsait ianə etməyi düşünürsüz?
- Mən insanlara bu fonda pul keçirməyi tövsiyyə edirəm. Çünki o vəsait şəhid və qazi ailələrinin hansısa ehtiyacını ödəyəcək. Lakin mən özüm əsgərlərə yardım etdiyim üçün fonda vəsait keçirməmişəm. Biz indiyə qədər 50.000 əsgərə dəstək olmuşuq. Sentyabrın 27-dən mən cəbhədən çıxmamışam. Müharibə başlayandan düz 4 dəfə tutulmuşam. Sadəcə, bu barədə heç yerdə deməmişəm. 1-2 gün həbsdə olub çıxmışam. Bu işdə başıma gəlməyən iş qalmayıb. Kürəyimdə yaralı da daşımışam, şəhid də.
- Sizi yardım etməyə heç kim məcbur etmir, özünüz öz istəyinizlə edirsiniz. Hansı qüvvə sizi yardım etmək üçün hərəkətə gətirir?
- Mən hər zaman yardım etməyi sevmişəm. Xəbəri olanlar bilir ki, ad günlərimi hər zaman uşaq evlərində, qocalar evində keçirmişəm, onlara sovqatlar aparmışam. Çünki özüm o qədər kasıbçılıq görmüşəm. Ramazan bayramları gələndə fitrə pulu gözləyirdik. İnanın qapımıza fitrə, zəkat pulu gətirəndə elə sevinirdik ki, ac qalmayacağıq. Mən bu günləri görmüşəm və əlimə imkan düşən kimi çalışıram bir zamanlar vəziyyətlərində olduğum insanlara yardım edim.
- Hazırda idman zalınız işləmir, maraqlıdır, bu qədər yardımlar edirsiniz, gəliriniz hardandır?
- Hazırda mən sosial şəbəkələrdə etdiyim reklam paylaşımlarından qazanıram. Məsələn bir şirkət “Giveaway” keçirir, mən səhifəmdə onu 20-25 min manat məbləğ qarşılığında paylaşıram. Şükür Allaha dolanıram da, yardım da edirəm.
- Belə söhbət gəzir ki, ailənizdən ayrı yaşayırsınız, ayrılığın səbəbi nə oldu?
- Mən hər zaman öz şəxsi həyatımı gündəmə gətirməyi sevməmişəm. Ancaq nədənsə cəmiyyətə hər zaman bu maraqlı olub. Hər bir ailədə problem olur, problemsiz, dava-dalaşsız bir ailə yoxdur. Çox adam bu barədə danışmağı sevmir, onlardan biri də mənəm. İstəmirəm kimsə mənim ailə problemlərimi müzakirə etsin. Həyatda problemlər olub, hər zaman da olacaq. Hazırda çox şükür salamatçılıqdır.
- Siz və Gülay xanım üzdə olan insanlarsınız, bəlkə söz-söhbətdən qurtulmaq üçün birdəfəlik açıqlama verəsiniz?
- Söz-söhbətlər onsuz heç zaman bitmir. İstəyirsiz ideal ailə olun, yenə nəsə tapacaqlar danışmağa. Bu söhbətlər açıqlama verməklə bitən deyil. Ən yaxşısı, başımı aşağı salıb, öz həyatımı yaşayıram.
- Cəmiyyətə bel bağlayırsınız?
- Xeyr, bel bağlamıram. Çünki bu gün nəsə yaxşılıq edirsən, yaxşısan, sabah nəsə xoşlarına gəlmir, başlayırlar söyməyə. Pandemiya dövründə yardım edirdim, hamı başladı dua etməyə, harda görürdülərsə, yaxınlaşırdılar, xoş sözlər deyirdilər. Sonra bir az dava-dalaş oldu, yenə endirdilər məni aşağı. Yenidən müharibə dövründə qaldırdılar məni göyə. Məncə insan bir amala qulluq etməlidir. Gündə bir fikir dəyişən insana bel bağlamaq olmaz. Mən yaxşılıqları Allah xatirinə edirəm, ona görə, mən etdiyim əməllərə görə nə alqış, nə də qarğış istəyirəm.
- Müsahibəyə görə təşəkkür edirəm.
- Çox sağ olun, mən sizə təşəkkür edirəm.
Vüsalə Balayeva, Bizim.Media