"Yerində addımladınsa çəkilib evdə oturmalısan. Əgər sənətlə məşğulı olmaq istəyirsənsə efirdə xalqı aldatmaq olmaz".
Bu sözləri Xalq artisti Mələkxanım Eyubova Əməkdar artist Rəşaq İlyasovun "Danışır musiqi" verilişində deyib. Xanəndə bayağı mahnılar oxuyanları tənqid edib.
Sənət adamlarına səslənən M.Eyubova onları verilişlərə tez-tez getməyə çağırıb:
"İndi musiqimizi korlayanlar efirə ayaq açıblar. Bunu demək lazımdır. Bunu mən, sən demə, düzəlməyəcək axı. Bizim sənətkarların yolunu davam etdirmək lazımdır. Bizim ziyallılarımızın çoxu deyir, nəyimə lazımdır deyim. Onsuz da belədir. Amma mənim muğamıma, musiqimə, incəsənətimə ürəyim ağrıyır. Sənətə zərər gəlir. Biz də ayağımızı efirdən çəkirik. Efiri kimə tapşıraq? Biz efiri zəbt etməliyik ki, onlar geri çəkilsin. Heç kimin ixtiyarı yoxdur musiqini korlasın. Yeni ifaçılar qoyun çıxsın. Amma efir buna imkan yaratmamalıdır".