Müğənni Gülşən Əliyeva "Gözlərim üstə" adlı yeni mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.
Axşam.az xəbər verir ki, bəstənin musiqisi Pərvin Nadiroğlu, sözləri Süleyman Niftəliyevə məxsusdur. Yaz ab-havalı klip ifaçının rəsmi yutub kanalında yerləşdirilib.
"Xalq ulduzu" yarışmasının qalibi olan Gülşən bildirib ki, bu, onun sayca üçüncü klipidir:
"İlk mahnım Milli qəhrəman Polad Həşimova həsr olunmuşdu. Xanəndəyəm, ona görə də çalışıram ki, yaxşı əsərlər səsləndirim. Xalq artisti Simarə İmanovla duetim olub. Fikrət Əmirov, Cahangir Cahangirov, Şəfiqə Axundova, Andrey Babayev kimi sənətkarların əsərlərini repertuarıma daxil etmişəm. Çalışıram ki, hər zaman yaxşı iş ərsəyə gətirim".
Yutun kanalından danışan müğənni "Bu gündən "Mikpro" ilə çalışıram. Mənim üçün yeni yutub kanalı açılıb" sözlərini söyləyib.
Gülşən Əliyeva yeniliklərindən də danışıb. O əlavə edib ki, İlkin Həsəniyə məxsus daha bir mahnı yazdırıb və yaxın günlərdə onu da dinləyicilərin ixtiyarına verəcək.