"Anam məni yüksək məbləğə bir kişiyə satmışdı. Bununla bağlı mənim az yaşlı olduğuma görə qapımıza polislər çox gəlirdi. Onlar məndən izahat almaq istəyirdilər. Mən isə heç bir izahat vermədim, nə də ki kişidən şikayətçi oldum. Onu həbs etsəydilər, anamı da həbs edəcəkdilər. Anamın bu işdə marağı vardı. Çünki ortada böyük məbləğdə pul var idi".
Mərhum meyxana ustadı Nizami Rəmzinin qızı Reyran "Bizimləsən" verilişində qonaq olarkən deyib. O, əlavə edib ki, narkotikdən istifadə etməzdən əvvəl Rusiyaya toylara gedib:
"Kim istəyər, narkomanın həyatını yaşasın? Mən bilərəkdən özümü o həyata salmazdım. Gül kimi toylarda oxuyurdum. Rusiyaya toylara gedib, pulumu qazanırdım. Heç kimə ehtiyacım olmayıb. Uşaqlıqdan işləyib pul qazanmışam. Gözləməmişəm ki, kimsə mənə gətirib pul versin. Xoşum gəlir, özüm işləyim və özüm qazanım.
Amma heç kim bu həyatda heç nədən sığortalanmayıb. Ana dünyaya oğlan övladı gətirəndə gələcəkdə kişi olub-olmayacağına sığortalanmır. Bilirəm ki, məni qınayanlar çoxdur. Mən Nizami Rəmzinin adını sadəcə atam kimi deyil, dahi bir sənətkar, ustad kimi çəkirəm. Mən nə karəyəm ki, onun adına zərər gətirim. Öz həyatımı yaşayıram. Atamın ruhu şad olar, yəqin. Bu dəqiqə heç kimi axtarmıram".
Qeyd edək ki, Nizami Rəmzi 1997-ci ildə, 49 yaşında yol qəzasında vəfat edib. O, üç dəfə ailəli olub və 6 övladı dünyaya gəlib. Reyhan reabilitasiya mərkəzində müalicə alır.