Xalq artisti Emin Ağalarov “Jara” musiqi festivalına erməniəsilli müğənniləri dəvət etməyindən danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Persona” verilişində məlumat verib. O, belə bir addım atmağının yaradıcılığına və biznesinə təsir etmədiyini söyləyib:
“Heç cür təsir etmədi. Çünki birincisi, Qarabağda çıxış etmiş müğənnilərin siyahısına gəldikdə, hamısı anlamışdılar ki, onları aldadıblar. Buraya gəlməmişdən əvvəl bir sıra etaplardan keçdilər. Bununla da buraya gəlişləri legitimləşdi. Yəni, bu mənim şəxsi qərarım deyildi. Qərar müxtəlif mərhələlərdə, müxtəlif instansiyalar tərəfindən reallaşdırılmışdı. Üstəlik, o müğənnilərin hamısı Azərbaycanı çox sevirlər. Onlar bu səhnəyə ən xoş arzularla, xoş sözlərlə çıxırdılar. Tamaşaçılar da onları hərarətlə qarşılayırdılar. Ona görə də deyə bilmırəm ki, biz ölkə olaraq və mən şəxsən haradasa nəsə itirdik”.
E. Ağalarov həmçinin, gələcəkdə erməni milliyyətindən olan şəxsləri Azərbaycana dəvət edib-etməyəcəyindən bəhs edib:
“Aydındır ki, həmin mərhələrə məlum münaqişənin formalaşdırdığı neqativ var idi. Lakin mənə elə gəlir ki, ölkə artıq uğurla o səhifəni çevirir. Və biz bunu unuda bilərik. Ümid edirəm ki, həmişəlik. Bilmirəm ölkəmizin mövqeyi necə olacaq. Başa düşdüyüm qədər idmançılar münaqişənin qaynar fazasında da buraya gəlirdilər. İştirak edirdilər. Və belə hal da olmuşdu ki, ölkənin birinci şəxsi (red. – Prezident İlham Əliyev) erməni idmançısının boynuna medal taxmışdı. Çox gözəl addım idi. Hesab edirəm ki, bu çox düzgün və çox maraqlı idi. Çünki idmanda qalib mənşəyindən, milliyyətindən asılı olmayaraq qalibdir. Fikrimcə, musiqidə də eyni cürdür. Əgər başa düşsəm ki, ölkəmizə istənilən mənşəli müğənnilər gələ bilərlər, mən bu istiqamətdə ölkəmlə sinxron işləyəcəyəm. Ölkəmiz onların gəlişindən imtina etsə, biz də dəvət etməyəcəyik. Şəxsən mən bu barədə düşünməmişəm. Fikrimcə, musiqi sərhədsiz olmalıdır. Lakin bu mənim şəxsi fikrimdir və o dövlətin mövqeyi ilə üst-üstə düşməyə bilər”.