Aparıcı Aytən Səfərova ilk dəfə keçirdiyi və bir nəfərin ölümünə səbəb olan qəzadan danışıb.
Videoaçıqlama yayan aparıcı özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, qəza görüntülərini əldə edə bilmir:
"Hər kəsə təşəkkür edirəm, bir çoxlarınıza cavab verə bilməmişəm. Gözəl söz yazanlara təşəkkür edirəm. Qəzadır da, qəza baş verir. Deyirlər, Aytən Səfərova rəhmətə gedib. Yox, sağam. Amma düşdüyüm qəzada rəhmətə gedən Ayxana Allah rəhmət eləsin. Onsuz məkanı cənnətdir. Anası Rəhiməyə, atası Sabitə Allah səbr versin.
Bir çoxları yazır ki, günah Aytən Səfərovadadır, məşhurdur deyə kadrları ört-basdır edir. Bu sakitçilikdən özümün də xoşum gəlmir. Kadrları özüm də görmüşəm və günahım yoxdur. İlk vaxtdan ailəmə, yaxınlarıma necə demişəmsə, elədir. Səhər 7-də işə gedirəm, 16 ildir gedib-gəldiyim yoldur. İşıqfora yaxınlaşanda sürəti azaldıram, 60-65 idi, qarşıma isə cip çıxır. Gəlir, sürətlə dönməyi bir tərəfə, hələ qazı basır. Düz get göstəricisi olan xəttən dönməsi bir yana, qırmızı işıqda dönür. Kadrları gördüm, amma əldə edə bilmirəm. Niyə, məqsəd nədir? İstintaq sirridir, dövlət sirri deyil axı. Ölüm halıdır, istintaq gedir. Niyə kadrlar ictimailəşmir? Mənə niyə verilmir? Vaxt getdikcə hiss edirəm ki, yaxşı qoxu gəlmir. İfunətin qarşısını almaq istəyirəm. Haqqımdı kadrı əldə etmək. Korrupsiya ilə mübarizə aparan dövlətdə yaşayırıq. Ölkə başçısı deyir ki, vətəndaşın hüququ qorunmalıdır. Mənim haqqım kadrları görməkdir".
A.Səfərova Ölkə başçısına müraciət etdiyini söyləyib:
"Prezident İlham Əliyevin adına, Baş Prokuror Kamran Əliyev, daxili işlər naziri Vilayət Eyvazova müraciət ünvanlamışam. Aytən Səfərovanın işinə obyektiv yanaşma olsun. Məşhurdur deyə, onu məsuliyyətə cəlb edək psixologiyasından uzaq olacaq".
Qeyd edək ki, hadisəsəhər saat 06:50 radələrində Xətai rayonu ərazisində - Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb. A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 2005-ci il təvəllüdlü Ayxan Əliyev isə vəfat edib.