Aparıcı Rövşanə Ağasəfqızı bir müddət əvvəl geyiminə görə mağazadan qovulan qadından danışıb.
Bu haqda "Günə son" proqramında söz açan aparıcı qadının hüquqlarının pozulduğunu deyib:
"Qıcıqlandım, qovulan xanım geyiminə görə qovulubsa, hüquqi müstəvidə buna yanaşsaydı qalib olacaqdı. Biz sivil, demokratik ölkədə yaşayırıq. Kiminsə kimisə geyiminə görə qovması qanun pozuntusudur. Ölkəmizdə insan hüquqları konstitusiya ilə tənzimlənir. Belə olan halda insan hüququnun pozulması, şəxsi nüfuza xələl gəlməsidir. "Mənim xoşum gəlmir, əxlaq mücəssəməsiyəm, evimdə qızım, gəlinim belə geyinmir, niyə mənim mağazama belə gəlmisən, səni qovmağa haqqım var" deyir. Sən kimsən?
Şəhərdə göz görəsi elə açıq geyinənlər kifayət qədər var. Kiminsə kiminsə geyiminə qarışmasına haqqı yoxdur. Bəzən ictimai qınaq doğru ünvanlanmır. Lazım olan yerdə ictimai qınaq olmur. Bəzən lazımsız yerdə sosial şəbəkə qəhrəmanları üzə çıxır. Baxırsan ki, əxlaqında axsama olanlar sosial şəbəkədə qəhrəmana çevirilirlər. Bizi qınayanların bəziləri bizlə üzbəüz gələndə mələyə dönürlər. Başqa qadın adı ilə girən kişilər, başqasının adıyla profil açan qadınlar qadınları linç edirlər. Yoxlasan onlar özləri də əri ilə problem yaşayanlar, açıq geyinmək istəyib, ailəsi tərəfindən buna icazə verilməyənlərdir".
Qeyd edək ki, bir müddət əvvəl Bakıda açıq geyimdə mağazaya girən qadına məhsul satılmadığı, onun qovulduğu görüntüsü yayılmışdı.