Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.
AZƏRTAC xəbər verir ki, körpənin valideynləri – Anar və Lamiyə Yolçulular bu ilin mayında doğma yurda qayıdıb və burada onlara verilən fərdi evdə daimi məskunlaşıblar.
Hər iki valideyn - Anar və Lamiyə məcburi köçkün ailənin övladlarıdır.
“Biz məcburi köçkünlüyün çətinliklərini görmüş ailələrdənik. Ancaq həmişə dövlətimizin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuşuq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bizim də həyatımızda yeni bir dövr başlandı. Dövlətimizin başçısının tapşırığı ilə yeni salınan Sus kəndində gənc ailə kimi bizə də ev verildi. Doğma yurda dərin minnətdarlıq hissi, böyük arzularla qayıtmışıq… Əminik ki, özümüz də, oğlumuz da Susda daim xoş günlər yaşayacağıq”, – deyən Anar Yolçulu qardaşı ilə birlikdə torpaqlarmızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib.
Onun atası Nüsrət isə Birinci Qarabağ müharibəsinin veteranıdır.