Bu gün Əməkdar artist Fərqanə Qasımovanın ad günüdür.
Axşam.az-ın məlumatına görə, sənətçi bununla bağlı sosial media hesabında paylaşım edib.
"Dünya rəngarəng, biz də bir rəng. Sənətkar ocağında dünyaya göz açdım. Ustadımın zəhməti ilə onun yanında tez böyüdüm. Yaradanın nəsib etdiyi istedadla 30 il Alim Qasımovla (atası, Xalq artisti - red.) bərabər dünya səhnələrində unudulmaz, həyəcan dolu anlar yaşadım, çiyinlərimdəki ağır məsuliyyəti tamaşaçı alqışı xəfiflətdi, həvəsləndim, qanadlandım. Doğma Azərbaycanda da, xaricdəki solo konsertlərimdə də təkamülə doğru yürüdüm, muğam sənətinin elmini öyrənmək arzum qədim “Nəva”nın, unudulmuş xalq mahnılarının xəzinəsinin ecazkar musiqi aləminin qapılarını üzümə açdı.
Dörd övladımla həyata tutunmağa çalışdım. Sevdim, sevildim. Bu fani dünyadan çox istəyim yoxdur, pisi yaxşıdan seçməkdə mənə yardım etsin. 45 yaşım mübarək, uğurlu olsun" deyə, F.Qasımova bildirib.
Qeyd edək ki, sənətçinin Fatimə və üçəmləri - Mövlanə, Həlimə və Saleh adlı 4 övladı var.Fatimə Xalq artisti Natiq Şirinovun musiqiçi oğlu Ümidlin həyat yoldaşıdır.