Azərbaycan Bəstəkarlar İttifaqı oktyabrın 14-ü dilbər guşəmiz Şuşada Şuşa otelinin Üzeyir Hacıbəyli zalında 90 illik yubileyi ilə əlaqədar Plenum keçirdi.
Plenumu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov giriş sözü ilə açaraq Bəstəkarlar İttifaqının 90 illik yubvileyi ilə əlaqədar İttifaqın sədri Xalq artisti, professor Firəngiz Əlizadəni və üzvləri təbrik edib öz təşəkkürünü bildirdi.
Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə isə “Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik şanlı yolu” adlı mövzu ilə çıxışında ilk öncə azad Şuşamızda iştirakına görə möhtərəm prezidentimizə öz dərin minnətdarlığını bildirərək, Azərbaycan bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir Hacıbəylnin Bəstəkarlar İttifaqının yaranması və formalaşmasındakı mühümxidmətlərindən danışdı.
Tədbirdə çıxış edən Ü.Hacıbəyli ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, Əməkdar incəsənət xadimləri, professorlar Gülnaz Abdullazadə, Akif Quliyev 90 illik şanlı tarixi olan Bəstəkarlar İttifaqının Plenumununun azad Şuşada keçirilməsini xüsusi vurğulayaraq bunun musiqi mədəniyyətimiz üçün bir hadisə olduğunu qeyd etdilər. Plenumun ilk günü keçirilən konfransda “Şuşanın musiqi salnaməsi”, “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar İttifaqı”, “Bəstəkarlarımızın şanlı qələbəyə həsr olunan əsərləri” adlı çıxışlarını təqdim etdilər. Konfransda Azərbaycan bəstəkarlarının Şuşaya həsr olunan əsərlərindən ibarət “Şuşa professional musiqidə” adlı yeni kitab haqqında” məruzə ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxış edərək bu kitabın azad Şuşaya ümumiyyətlə, musiqi ictimaiyyətinə bir töhfə olduğunu da söylədi.
Konfransdan sonra Azərbaycan Dövlət Simli Kvartetinin konserti oldu. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Firəngiz Əlizadə kimi görkəmli bəstəkarların əsərləri səsləndi.
Plenum öz işini 15 oktyabr tarixində Heydər Əliyev Mərkəzində, dahi Üzeyir bəyin və ölməz Bülbülün ev-muzeylərinin ziyarəti ilə davam etdirdi.
Gözəl, xoş ovqatla, böyük təəssüratlarla Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndə heyəti azad Şuşamızdan Bakıya döndü.