
Əməkdar artist Lalə Məmmədova aparıcılara səslənib.
Axşam.az xəbər verir ki, müğənni sənət adamlarının bayağı ifaçılarla müqayisə edilməsini pisləyib. Bu haqda "Afaqla 10lar" verilişində danışan L.Məmmədova bunları əlavə edib:
"Sənətkarlar reytinq vermir" deyən aparıcılara səslənirəm, bu sözü ağzınıza almayın. Sənətkar artıq sənəti ilə reytinqini verib və siz oturub bazar söhbətlərinə efirdə qulaq asanda o, Azərbaycanın adını xaricdə qaldırıb. Azərbaycan mədəniyyətinin adını, bayrağını yüksəldib. Siz aparıcılar sənətkarları hansısa küçə adamlarının yanında kiçiltməyin. Siz müqayisə belə edə bilmərsiniz".
L.Məmmədova bildirib ki, həmin ifaçılar bəstəkar mahnılarını oxuma istedadına malik deyil:
"Bu gün təsadüfən səhnəyə çıxıb, popular olub, "mən bəstəkar mahnıları oxuyanda mənim üzümə baxan yox idi, acından ölürdüm" deməsi düz deyil. Sizin o bəstəkar mahnılarını ifa etməyinizi görmüşəm. Təsadüfən də olsa önümə çıxıb. Biri “xoruz” buraxaraq muğam oxuyub deyir ki, mən əla ifa edirəm. Digəri bəstəkar mahnısının qolunu-qanadını qırır. Xahiş edirəm, bəstəkar mahnılarını bu dərəcədə kiçiltməyin. Siz hələ o bəstəkar mahnılarını ifa etmək üçün böyüməlisiniz. Bu hər kəsin başı üçün deyil!
Bu insanların həm də psixoloji problemləri var. Bunlar axı hansı sənəti ilə reytinq verirlər? Küçə söhbətləri ilə reytinq verirlər. Övlad dünyaya gətirməklə... Lap əgər bu qələti eləmisənsə, otur yerində. Günahı o kişilərdə görürəm. Siz niyə axı onları o vəziyyətə gətirirsiniz ki, sizdən dünyaya övlad gətirməyi bir yana, hələ efirə çıxıb “ərim-ərim” deyirlər. Ayıbdır...
Aparıcılar, bu söhbətlər sizə reytinq verir? Bu söhbətləri sənətkarlarla müqayisə edib deyirsiniz ki, sənətkar verilişimə gələndə reytinq vermir. Hamının şəxsi həyatı var. Bəsdirin, bu söhbətləri üzə çıxarıb bizim də ürəyimizi yerindən çıxartdınız. Tutuquşu kimi bu söhbətləri danışıb, uzadırsınız. Bu söhbətlər bitmir. Siz aparıcılar bizi küçə söhbətləri ilə bir tutmayın".