
Müğənni Mənzurə Musayeva etdirdiyi estetik əməliyyatdan narazı qalıb.
Bu barədə “Qaynarinfo”ya danışan sənətçi bildirib ki, məsələ ilə əlaqədar “Funda Hospital”ı məhkəməyə verəcək.
M.Musayevanın sözlərinə görə, bir müddət öncə sözügedən klinikada etdirdiyi əməliyyat uğursuz alınıb: “Məni Məhəmməd Poluxov bu günə salıb. Əməliyyatdan sonra özümü tanıya bilmirəm. Gedib deyirəm ki, pulumu qaytar, qaytarmır. Deyir, əməliyyatı etmişəm, daha nə pul? Pis günə salıb məni. Sifətimin bir tərəfini dartıb, birini boşaldıb. Camaatı aldadır, yalandan deyir ki, üzgərmə əməliyyatı edirəm. Amma əslində, üzə sap atır.
Gəlin üzümə baxın, görün nə haldayam. Sifətimin bir tərəfi dartılı qalıb. Heç zaman buxağım olmayıb. Əməliyyatdan sonra buxaq çıxardıb mənə. Pulu tələb edirəm, deyir, gəl, yenidən əməliyyat edim. Yeddi minə yaxın pul vermişəm. Köməkçisi ilə əlaqə saxlayıram. İndi gedirəm mərkəzin direktorunun yanına, onunla danışacağam”.
Müğənni vurğulayıb ki, əgər pulunu qaytarmasalar, hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Məsələ ilə bağlı qarşı tərəf Məhəmməd Poluxovla əlaqə saxladıq. Həkim “Qafqazinfo”ya açıqlamasında iddiaları tamamilə əsassız adlandırdı: “Mənzurə xanımın üzündə heç bir fəsad yoxdur. Əməliyyat nəticəsi kifayət qədər uğurludur. Əməliyyat günü necə olacağını dediyimiz bütün nəticələri əməliyyatdan sonra əldə etmişik. Əməliyyat üçün 7000 deyil, 5500 manat ödəniş edib. Xanım öz əsassız fikirlərini iddia edir”.