
Şabranda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “AzSamand” markalı minik avtomobili və “Renault” markalı yük avtomobili toqquşub, 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Şabranda baş verən qəzada ölənlərin kimliyi məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, qəzada həlak olan Sabirabadın Ulacalı kənd sakini 2002-ci il təvəllüdlü Zeynalzadə Akif Səbahət oğlu və onun həyat yoldaşı Zeynalzadə Dinara olub. Onların bir övladları var. D. Zeynalzadə ikinci övladına hamilə olub.
Əlavə edək ki, A.Zeynalzadə Vətən müharibəsi qazisi idi.