
Hindistanın Haydarabad şəhərində keçirilən 72-ci “Miss World” (Dünya Gözəli) yarışmasının qalibi bəlli olub. Gecənin ulduzu Tailand təmsilçisi, 22 yaşlı Opal Suçata Çuangsri (Opal Suchata Chuangsri) olub. O, 108 iştirakçı arasından seçilərək ölkəsinə bu titulda ilk qələbəni qazandırıb.
Opal bundan əvvəl də beynəlxalq gözəllik yarışlarında uğur qazanıb. Belə ki, “Miss Universe 2024” yarışmasında üçüncü yerin sahibi olmuşdu. Lakin 2025-ci ilin əvvəlində “Miss World Thailand” təşkilatı onu rəsmi olaraq “Miss World 2025” yarışmasında Tailandı təmsil etmək üçün seçdiyi üçün, “Miss Universe” tərəfindən onun üçüncülük titulu ləğv edilib.
Yeni “Dünya gözəli” təkcə gözəlliyi ilə deyil, həm də şəxsi həyat hekayəsi və sosial layihələri ilə fərqlənir. Opal 16 yaşında döşündə 10 sm-lik xoşxassəli şiş aşkarlanıb və əməliyyat olunub. Bu ağır təcrübə onun həyat yolunu dəyişib. O, qadınlarda döş xərçəngi ilə bağlı maarifləndirmə məqsədilə “Opal for Her” adlı sosial layihə yaradıb. Layihə çərçivəsində xeyriyyə kampaniyaları və qadınlara psixoloji dəstək proqramları həyata keçirilir.
Hazırda Opal Tailandın nüfuzlu Thammasat Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alır. O, tay, ingilis və çin dillərində sərbəst danışır.
“Miss World 2025” yarışmasının finalında ikinci yerə Efiopiya təmsilçisi Hasset Dereje Admassu, üçüncü yerə Polşa, dördüncü yerə isə Martinika nümayəndəsi layiq görülüb.
Opalın qələbəsi təkcə Tailand üçün tarixi hadisə deyil, həm də dünyaya verdiyi mesajla diqqət çəkir: gözəllik yalnız xarici görünüşlə deyil, daxili güc və insanlığa xidmətlə tamamlanır.