Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şouda yox, əməliyyatda ulduz olan həkimlər niyə hədəfdədir?! - RÖVŞANƏ AĞASƏFQIZI YAZIR

Şouda yox, əməliyyatda ulduz olan həkimlər niyə hədəfdədir?! - RÖVŞANƏ AĞASƏFQIZI YAZIR

Həkim ittiham olunur… qadını dünya işığına kor qoymaqda qınanılır…

 

Ola bilər ki, bu belədir və ya ola da bilər ki, yerli-dibli belə deyil… məhkəmə var… şah olan qanun var… bu məsələnin bir tərəfi…

 

Zatən son dönəm baş verənlər, kağız sertifikatlar, qanunsuz fəaliyyətlər, dolaşıq siyahı, dolaşa-dolaşa adını lupa ilə axtarıb tapmayanların aqibəti (xüsusi bir aqibət olmadı məncə… hərə öz işi ilə məşğul), evdar xalanın kosmetoloqa, anestezioloqun cərrahlığa transferinin şahidi olan gözlərimizi bir az da böyük açmağa vadar elədi…

 

Göz demiş… gözümüz lap bərələ qalıb… gördükcə düşünürsən səhiyyəmizi kim silkələdi və ya kimlər Kann festivalının temu variantına çevirdi gül kimi tibbimizi…

 

Aqressiya, kin, qıcıq yarandı Hippokrat andı içib canımızı etibar etdiklərimizə… niyə əcəba?

 

Dünən rəyləri oxuyuram… qadın dünya işığına tamarzı qalmasından danışır… hamı səs-səsə verib həkimi qarğışlayır, qınayır, günahlandırır… halbuki hələ həkimin nə günahının sübutu var, nə hansısa qərar, nə də həkimin açıqlaması… sadəcə hamı döşəyir… “bir balta da mən vurum, fürsətdir” misalı…

 

Soruşan lazımdır: dünənə qədər əlini öpüb göz üstə qoyduğunuz, həyatı sizə həm də rəngli baxışlarda tanıdan, milyon like-larla ulduza çevirdiyiniz həmin həkim deyilmi?

 

Hələ sübuta yetməmiş bir yanlışa bu qədər qəddarcasına yanaşma… Nə üçün?

 

Deyim, bilin… vallah-billah, yaxşı həkimi çıraqla gəzirik… ucuz reklamlarının sabun köpüklərində əriyən şoubaz hoqqabazları boş verin… gecəsini gündüzünü, ömrünü bu ülvi peşəyə həsr etmişləri göz bəbəyimiz kimi qorumalıyıq… xəstəylə ölüb-dirilənlər var e… azalır sayları, çox azalır… heç bir həkim də Allah deyil axı… bəzən olacağa çarə olmur, inanın olmur…

 

Yadıma düşmüşkən… məzmunsuz həkim mükafatlandırma mərasimləri (hansı kriteriyalara, hansı göstəricilərə əsasən seçilir, o da bilinmir), 400 ya da 500 manatlıq taxtafson ödülləri əlinə verib, zər-ziboşlu həkimləri kamera qarşısında fır-fır fırlatmaqdənsə daha ciddi işlər görmək olar… məsələn, həkimləri müdafiə cəmiyyəti və ya hüquqlarının qorunması ittifaqı… Mən məmnuniyyətlə yaradardım… qoşulmaq istəyən varsa, başlayaq…