
Dünya dəbinin ən böyük simalarından biri – Giorgio Armani 91 yaşında dünyasını dəyişib. Onun ölüm xəbəri bu gün rəsmi olaraq Armani qrupunun mətbuat xidməti tərəfindən təsdiqlənib.
1934-cü ildə İtaliyanın Piacenza şəhərində anadan olan Armani, 1975-ci ildə öz moda evini quraraq geyim sənayesinə yeni nəfəs gətirdi. Onun minimalist və eleqant tərzi, xüsusilə də incə kəsim kostyumları dünya dəbini dəyişdi.
Armani, yalnız geyimlə deyil, həm də aksesuarlar, ətirlər, ev dekoru, kosmetika, restoranlar və otellərdən ibarət nəhəng imperiya ilə modanı qlobal mədəniyyətin ayrılmaz hissəsinə çevirdi. O, eyni zamanda “American Gigolo” filmi ilə Hollivudda ikonik kostyum dəbinin banisi kimi tarixə düşdü.
Dizayner ölümündən əvvəl, Milan Moda Həftəsi çərçivəsində brendinin 50 illiyini qeyd etməyə hazırlaşırdı. Lakin səhhətindəki problemlərə görə son şoularını buraxa bilməmişdi.
Giorgio Armani moda aləminə “səssiz güc və sadə eleqantlıq” anlayışını gətirdi. Onun yaratdığı tərz milyonlarla insanın gündəlik geyim mədəniyyətinə təsir etdi.
Armani, arxasında yalnız bir brend deyil, həm də zamansız üslub fəlsəfəsi qoyaraq dünyadan köçdü.