Bir ildir toylara qoyulan qadağa şou əhlini çıxılmaz vəziyyətə salıb. Pandemiyada çətin günlər yaşayan məşhurlardan biri də müğənni Günel Ələkbərovadır.
SHOWNEWS.AZ-ın əldə etdiyi məlumata görə, müğənni evinin banka olan borcunu ödəyə bilmədiyindən bank G. Ələkbərovanın evini əlindən alır. Məsələni dəqiqləşdirmək üçün sənətçi ilə əlaqə saxladıq. O, faktı təstiq etdi:
"Düzü ağlıma da gəlməzdi ki, belə çətin günlər yaşayaram. Mənim el şənliklərindən, şou proqramlardan başqa gəlir yerim yoxdur. 2 ildir bu evi kreditlə almışam. Hər ay gecikdirmədən ödəniş etmişəm. Son bir il isə hər kəs bilir ki, musiqiçilərin gəlir yeri olan toyların keçirilməsinə qadağa qoyulub. Bir neçə ayı əlimdə olan vəsait ilə ödəniş etdim. Amma gecikmələrim oldu. Banka da getdim, izahat verdim ki, bu səbəbdən müəyyən gecikmələrim olub. Sağolsunlar, dinlədilər. Amma məsələ olduğu kimi qaldı. Nə edəcəyimi bilmirəm".
G. Ələkbərova eyni zamanda son bir ildə xeyli borca girdiyini və borcun içində üzdüyünü də gizlətmədi.