
ABŞ-də yaşayan 12 yaşlı azərbaycanlı tiktoker Zemfira Muxtarova Nyu-Yorkda metro qatarının üstündə sörfinq edərkən ölüb.
Axşam.az xəbər verir ki, hadisə oktyabrın 4-də gecə saatlarında Marsi Avenyu metro stansiyasında baş verib. O, və sosial şəbəkədə tanış olduğu 13 yaşlı Ebba Morinanın meyitləri stansiyada aşkarlanıb.
Şahidlərin sözlərinə görə, Zemfira və Ebba həlak olmazdan əvvəl təxminən 15 yeniyetmə ilə birlikdə qatarın üzərində qaçıblar. Yeniyetmənin anası Svetlana Rudenko övladının sosial şəbəkə hesabının olduğunu bilsə də, təhlükəli paylaşımlarından xəbərsiz olduğunu bildirib.
Muxtarovlar ailəsi onun ölüm xəbərini televiziya vasitəsilə öyrəniblər. Zemfiranın 11 yaşlı bacısı Məryəm xəbərlərdə həlak olan qızlardan birinin bacısı olduğunu onun “skeytbord”u və pul kisəsindən tanıyıb.
Zemfiranın atası, əslən azərbaycanlı olan Ruslan Muxtarov “gofound” saytında müraciət yaradıb və qızının dəfn xərclərini toplamaq məqsədilə insanlardan yardım istəyib.