Rusiyada yayımlanan məşhur “Ekstrasenslərin döyüşü” verilişinin keçmiş aparıcılarından biri olan illüziyaçı Sergey Safronov etirafı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, rus mətbuatıba müsahibəsində proqramın bütün iştirakçılarının aktyor olduğunu və bunun tamamilə şou olduğunu bildirib. Onun sözlərinə görə, o, əvvəldən ekstrasenslərin mövcud olmadığına inanırdı:
“Mən əvvəldən bilirdim ki, ekstrasenslər yoxdur. Şouya gələnlərin hamısı aktyor idi. XXI əsrdə nə cadu, nə hobbit, nə orklar? İnsanın gəlib linza, paltar geyinib vampirə çevrildiyini görürük” deyə, Safronov bildirib.
Safronov çəkiliş zamanı bəzən ekstrasenslərdən şəxsi həyatı barədə nələrsə demələrini istəyib, lakin heç kim onun həmin vaxt ikinci mərhələ xərçənglə mübarizə apardığını bilməyib.
“15 il ərzində bircə dəfə də olsun həqiqi ekstrasensə rast gəlmədim, deyə, illüziyaçı qeyd edib.
Xatırladaq ki, 2006-cı ildən yayımlanan layihə Safronov qardaşlarına ölkə miqyasında məşhurluq gətirib. Sergey Safronov 2020-ci ildə proqramı tərk edib. Ona qarşı irəli sürülən qanunsuz gəlir ittihamlarından illüziyaçı tam bəraət qazanıb.