Gözəl ifaları ilə hər zaman səs-küy yaradan Azərbaycan incəsənətinin incisi Xumar Qədimova daha bir fərqli işini təqdim edib.
Axşam.az xəbər verir ki, Əməkdar artist bu dəfə dərin məna və poetik ruh daşıyan “Gəl, şəklini çəkim dünya” adlı mahnıya klip çəkdirib. Bəstənin sözləri xalq şairi Zəlimxan Yaquba, musiqisi isə Uqoya (Uğur Rəcbər) məxsusdur. Mahnının duyğusal ab-havasını tamamlayan klarnet ifası da məhz Uqonun öz təqdimatıdır.
Lirik mahnının ekran işi rejissor Natiq Novruza həvalə edilib. Klipdə Xumarın tərəf müqabili "Kurtlar Vadisi" və "Eşkiya dünyaya hükümdar olmaz" seriallarından tamaşaçılara tanış olan məşhur türkiyəli aktyor Savaş Özdemir olub. Çəkilişlər Qubada aparılıb.
Qədimova mahnını yayımlayaraq "Nəhayət ki, təkrar-təkrar dinləyəcəyimiz, dünya dolu nəğməmiz gəldi. Bu gözəl nəğmə bu dünyaya sığmayanlar üçündür. Gəl, şəklini çəkim, dünya!" sözlərini bildirib.
Qədimovanın "Gəl, şəklini çəkim dünya" ifası bu gündən rəsmi yutub kanalında və bütün musiqi platformalarında yayımdadır.