Televiziya aparıcısı Zaur Kamalın oğlu, hazırda ARB TV-də aparıcı kimi fəaliyyət göstərən Bartu Kamalın adından dələduzluq edilib. Naməlum şəxs onun adından istifadə edərək bir sıra tanınmış şəxslərlə WhatsApp vasitəsilə əlaqə saxlayıb və müxtəlif bəhanələrlə pul istəməyə çalışıb.
Yazışmalardan görünür ki, dələduz qarşı tərəfə özünü Bartu kimi təqdim edərək “ad günü hədiyyəsi sifariş etdiyini”, lakin kartında kifayət qədər vəsait olmadığını bildirib. O, cəmi yarım saatlıq 110 manat kömək istədiyini, daha sonra həmin məbləği geri qaytaracağını yazıb.
Lakin mesajı alan şəxslər vəziyyətdən şübhələnərək pul göndərməyiblər. Hətta müğənni Kazım Can dələduza “Səni Kibercinayətkarlıqla Mübarizə İdarəsinə verəcəyəm. Camaatın adından istifadə edirsən” cavabını yazıb.
Paylaşılan görüntülərdə istifadə olunan WhatsApp Business hesabında Bartunun fotosundan istifadə olunduğu, profil adının isə “baby on board” kimi dəyişdirildiyi görünür. Hesabın kontaktlarda qeydiyyatda olmadığı da diqqət çəkir.
Bir daha vətəndaşlara tövsiyə olunur ki, sosial şəbəkələr və messencerlər vasitəsilə tanışlarının adından pul istənildiyi hallarda tələsmədən həmin şəxslə birbaşa telefon əlaqəsi saxlasınlar və məlumatı dəqiqləşdirmədən heç bir ödəniş etməsinlər. Bu cür dələduzluq hallarında isə hüquq-mühafizə orqanlarına müraciət etmək vacibdir.