Əməkdar artist Səbinə Babayeva geyimi ilə bağlı ünvanına yazılan tənqidi rəylərə münasibət bildirib.
Axşam.az xəbər verir ki, müğənni instaqram hesabında paylaşdığı açıqlamada bəzi izləyicilərin səhnə mədəniyyətini və konsert estetikasını düzgün qiymətləndirmədiyini vurğulayıb. Dünya ulduzu Dua Lipanın görüntüsünü paylaşaraq bunları yazıb:
“Beləliklə, maarifləndirici kiçik paylaşımımız burada bitdi. Əgər nəyisə başa düşmürsənsə, xoşuna gəlmirsə və ya bu, sənin dünyagörüşünə uyğun deyilsə, sadəcə yan keç. İnsanları dəyişdirmək və ya mühakimə etmək sənin işin deyil. Başqalarının ünvanına kinini, nifrətini və təhqirlərini yağdırma. Unutma ki, dünyada sənin beyninin hələ dərk etmədiyi milyardlarla fikir, hadisə və anlayış var. Bu, həmin şeyi pisləmək və ya təhqir etmək üçün səbəb deyil”.
S.Babayeva həmçinin xatırladıb ki, Azərbaycan qanunvericiliyinə əsasən təhqir və böhtan hüquqi məsuliyyət yarada bilər. O, izləyicilərini sosial şəbəkələrdə şərh yazarkən sözlərini düşünərək seçməyə çağırıb.
Qeyd edək ki, sənətçi qatıldığı verilişlərdən birinə geyindiyi kombinzonla gündəmə gəlib.