Azərbaycanlı kinorejissor Tofiq Teymuroğlunun “Turistlər” adlı qısametrajlı filmi hər il İtaliyada keçirilən “Festival Del Cinema di Cefalu” film festivalına vəsiqə qazanıb.
SHOWNEWS.AZ-ın məlumatına görə, həmyerlimizin “Turistlər” filmi 3068 filmin içindən seçilib.
Əlavə edək ki, Tofiq Teymuroğlu bu festivalda iştirak edən ilk azərbaycanlıdır.
“Dünyaya açılmaq istəyirəm. Azərbaycandakı incəsənət, film sektorundakı vəziyyət göz qabağındadır. Bu, mənlik deyil. Mən Azərbaycanın gerçək mədəniyyətini dünyaya təbliğ etmək istəyirəm. Xatırladım ki, layihənin rəhbəri dostum Rövşən Tağıyevdir”, - deyə saytımıza açıqlama verən T.Teymuroğlu sənətşünasdır.
Əlavə edək ki, o, Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Teatrşünas, ədəbi tənqidçidir. Aydın Talıbzadənin tələbəsi olub, kinorejissor Cəmil Quliyevdən isə rejissorluğun incəliklərini öyrənib . 2000-ci ildən televiziyalarda işləyib. 2005-ci ildən müstəqil rejissor kimi çalışıb.