Xalq artisti Röya Ayxan 12 illik fasilədən sonra “Kevents Group”un təşkilatçılığı ilə Yaşıl Teatr səhnəsində pərəstişkarları qarşısına çıxıb. İki günlük konsert proqramının ilk günü möhtəşəm atmosfer, böyük coşqu və anşlaqla yadda qalıb.
Pop kraliça gecə ərzində illərdir sevilən hitləri ilə yanaşı, yeni mahnılarını da ilk dəfə təqdim edib. Sənətçi “Müsadenizlə”, “Baldı baldı”, “Öz adamımsan” və “Dost” mahnılarını tamaşaçılara təqdim edib. “Dost” mahnısı müğənni Kazımcanla virtual duet formatında səslənib və gecənin maraqlı anlarından biri olub.
Gecənin ən böyük sürprizi isə Röya Ayxanın Xalq artisti Aygün Kazımovanın repertuarından “Uzaqlıq” mahnısını yeni aranjemanda ifa etməsi olub. İfa tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Konsertdə milyonların sevimlisi R. Ayxanın qardaşı, gənc müğənni və bəstəkar İsmayıl Zadə də çıxış edib.
Konsertin ikinci günü də eyni coşqu və səmimiyyətlə baş tutub. Səhnənin musiqi ilə yanaşı, vizual estetikası da xüsusi diqqət çəkib. Konaertin hər iki günündə Xalq artistinin saç və makiyaj da daxil olmaqla səhnə stilinin müəllifi stilist Elnur Həsənov olub.
Röya konsertin hər iki günündə gecə ərzində iki fərqli obrazda səhnəyə çıxıb. Xüsusi olaraq hazırlanan libaslar üç gün ərzində onun üçün özəl olaraq ərsəyə gətirilib. Konsertin rejissoru Sərxan Aydınoğlu olub.
2 günlük möhtəşəm konsert proqramı Röya Ayxanın “Bahar” mahnısını səsləndirməsi, böyük sevgi və alqışlarla başa çatıb.