Sentyabrın 18-i Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. Bu tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
18-ci Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının tədbirlər silsiləsi bəstəkarın məzarının ziyarəti ilə başlayıb.
I Fəxri xiyabanda keçirilən mərasimdə mədəniyyət naziri Adil Kərimli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, tanınmış sənət və mədəniyyət xadimləri, eləcə də xarici ölkələrdən gələn festival iştirakçıları yer alıblar.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları ziyarət olunub. Daha sonra Üzeyir Hacıbəylinin məzarı önünə çələng və güllər qoyulub.
Festival çərçivəsində konsert və digər tədbirlər Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəranda keçiriləcək.
Mərasim iştirakçıları daha sonra Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi, Rəşid Behbudov və Müslüm Maqomayevin məzarlarını da ziyarət ediblər.