Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə Xalq artisti Zeynəb Xanlarova ilə bir araya gəlib.
Axşam.az xəbər verir ki, jurnalist İstanbulda Zeynəb Xanlarova ilə görüşən zaman çəkilən fotosunu instaqram hesabında paylaşıb.
S.Nuriyeva şəklə bunları yazıb:
“Bu gün İstanbulda Türk dünyasının əfsanəvi sənətkarı, hörmətli Zeynəb Xanlarova ilə yenidən görüşməyin sevincini yaşadım. Ona kiçik yaşlarımdan heyranlıq duyuram. İllər keçdi və aramızda ailəvi bir dostluq başladı. O, televiziya verilişlərimin qonağı olurdu, nə vaxt dəvət etsəm, həmişə müsbət cavab verirdi.
Tarixi hadisələrin şahidi olmuş, milli kimliyi və yaddaşı özündə təcəssüm etdirən, millət və vətən dəyərlərini uca tutan əfsanəvi bir şəxsiyyət... Uzun söhbətimizdən aldığım ilhamı sözlə ifadə edə bilmirəm. O mənə həmişə “Sevil can” deyə müraciət edir, eynilə uşaqlığımda nənəmin mənə səsləndiyi kimi. Bilmirəm niyə, amma yenə də çox kövrəldim. Əziz Zeynəb xanım, Allah sizi qorusun”.