Xalq artisti Rəşidə Behbudova sosial şəbəkədə atası, əfsanəvi Azərbaycan müğənnisi Rəşid Behbudov haqqında Facebook paylaşımı edib.
“Rəşid Behbudov Azərbaycanın ilk şəhidi olub. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğunu deyib. Bundan sonra onu fiziki zorakılığa məruz qoyublar: əl və ayaqlarının dırnaqlarını çıxarıblar, dişlərini sındırıblar. Bu, əsl kişi idi. Onu Bakıya gətirib məsciddə cənazəsini yuyanda bədəninin hansı vəziyyətdə olduğunu görüblər”, – deyə Rəşidə Behbudova paylaşımında qeyd edib.
O, həmçinin vurğulayıb ki, atası Moskvada xəstəxanada olarkən nə özünü, nə də anası Ceyran Behbudovanı onun yanına buraxıblar.
“Bu, Azərbaycan üçün çox böyük, həqiqətən də nəhəng bir itki idi. Azərbaycan haqqında danışanda ilk yada düşən Rəşid Behbudov olurdu. O, Azərbaycanın səsi idi. Bu gün maestro ruhən rahatdır. Biz qalib gəldik”, – deyə Xalq artisti bildirib və atasının səsinin Azərbaycan musiqi tarixində qızıl hərflərlə yazıldığını qeyd edib.
Xatırladaq ki, əfsanəvi Azərbaycan müğənnisi Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskvada, 73 yaşında vəfat edib.