Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ramiz Əzizbəylinin qızı ərinin həbsindən danışdı - “Yoldaşıma şər, böhtan atılır”

Ramiz Əzizbəylinin qızı ərinin həbsindən danışdı - “Yoldaşıma şər, böhtan atılır”

“Şöhrət” ordenli mərhum Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli həyat yoldaşı Rüfət Qasımzadənin həbsinə etiraz edib.

C. Əzizbəyli SHOWNEWS.az açıqlaça verib, o, külli miqdarda dələduzluqda ittiham olunan Rüfət Qasımzadənin onun barəsində səsləndirilən iddiaların əsassız olduğunu bildirərək ailəsinə qarşı şər-böhtan atıldığını iddia edib.

Cəlalə Əzizbəyli bildirib ki, artıq bir ilə yaxındır həyat yoldaşı ilə bağlı səsləndirilən ittihamları izləyir. Onun sözlərinə görə, tərəflər arasında borc mübahisəsi faizlə pul götürülməsi və şirkətin adına kredit rəsmiləşdirilməsi ilə bağlı yaranıb.

Cəlalə Əzizbəyli iddia edir ki, məsələ ilə bağlı dəfələrlə araşdırmalar aparılıb, polis orqanları və məhkəmələr tərəfindən hüquqi qiymət verilib. Onun fikrincə, mübahisədə cinayət tərkibi yoxdur və məsələ mülki xarakter daşıyır.

O, borcun böyük hissəsinin ödənildiyini, buna baxmayaraq, qarşı tərəfin iddia edilən məbləği şişirdərək həyat yoldaşından yenidən şikayət etdiyini deyib.

“Bütün bunlara baxmayaraq, yalanla üç-dörd qatını şişirdib gəlib mətbuata da çıxırlar, efirə də çıxırlar. Mənim yoldaşıma şər-böhtan atırlar”, – deyə Cəlalə Əzizbəyli bildirib.

Cəlalə Əzizbəylinin sözlərinə görə, əvvəlki məhkəmə qərarları və polis orqanlarının qərarları nəzərə alınmadan həyat yoldaşı barəsində yenidən həbs qərarı verilib. O, xüsusilə Nəsimi Rayon Məhkəməsinin qərarına etiraz etdiyini vurğulayıb.

“Dünən həyat yoldaşımın məhkəməsi olub. Məhkəmə bütün əvvəlki qərarlara baxmadan onun barəsində həbs qərarı verib. İstintaqın bitməsinə 20 gün qalmış həyat yoldaşımı həbs etdilər. Mən çox xahiş edirəm, bu işə yenidən baxılsın”, – deyə o bildirib.

Cəlalə Əzizbəyli məsələ ilə bağlı ölkə başçısına və Birinci vitse-prezidentə də şikayət etdiyini qeyd edib. O, aidiyyəti qurumlardan işin yenidən araşdırılmasını, əvvəlki qərarların və sənədlərin nəzərə alınmasını istəyir.

“Artıq bir ildir ailə olaraq susuruq. Mənim səsimi ictimaiyyətə çatdırmağınızı istəyirəm. Bu şər-böhtanlara son qoyulsun və işə yenidən baxılsın. Mən sadəcə ədalətin təmin olunmasını istəyirəm”, – deyə Cəlalə Əzizbəyli əlavə edib.

Qeyd edək ki, Rüfət Qasımzadə külli miqdarda dələduzluqda ittiham olunur. Cəlalə Əzizbəylinin səsləndirdiyi fikirlər onun öz mövqeyini əks etdirir. İttihamlar və tərəflərin qarşılıqlı iddiaları ilə bağlı yekun hüquqi qiymət məhkəmə tərəfindən verilməlidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.