“Sən efir sayəsində tanınmış sima olmusan. İndi pul istəmək düzgün deyil. Çünki insanlar bizi televiziya sayəsində tanıyıb və seviblər”.
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri aktrisa-aparıcı Oksana Rəsulova instaqramda canlı yayımda olarkən bildirib. O, müğənni Xatirə İslamın şou gündəmini zəbt edən qonorar açıqlamasına etiraz edib.
Oksananın fikrincə, Xatirə televiziya vasitəsilə populyarlıq əldə edib və buna görə də, kanal rəhbərlərindən qonorar tələb edə bilməz: “Əvvəlcədən belə olsaydı, deyərdim yaxşı! Buna axı öyrəşməmişik, hələ bizdə bu qanun formalaşmayıb. Əgər telekanallar bunu özləri qəbul etsəydi, nə gözəl. Amma indi büdcə yoxdur”.
Oksananın sözügedən fikirlərinə Xatirə İslam instaqramda post yazaraq münasibət bildirib:
“Əzizim Oksana, biz qonorar tələb etməli deyilik, bunu onlar verməlidir. Tək mənə yox, hamımıza - efirə vaxt ayırıb, sərf edib, gəlib oxuyan bütün sənətkarlara…
Televiziya bizi tanıtdığı zamanda həm ifalarımızdan, həm də yersiz qalmaqallarımızın reytinqi ilə efir saatlarından necə lazımdır pul götürüb. Sən rahat ol, buna görə borcumuz yoxdur. Hələ kanal rəhbərlərinin göndərdiyi yüzlərlə pulsuz tədbirləri demirəm”.