Aprelin 27-də Formula 1 Azərbaycan Qran-Prisinin birinci gününə əyləncə proqramı ilə yekun vurulub.
SHOWNEWS.AZ AzərTac-a istinadən xəbər verir ki, axşam saatlarında “Baku Crystal Hall”da səhnəyə fank musiqisinin qabaqcıllarından olan “Jamiroquai” qrupu çıxıb.
Caz musiqisinin təmsilçisi olan Cey Key tərəfindən 1992-ci ildə Londonda yaradılan qrup qısa müddətdə məşhurlaşaraq dünyanın ən uğurlu musiqi qruplarından birinə çevrilib. 25 illik fəaliyyət müddəti ərzində 27 milyondan çox albom satan qrup “Grammy”, “Ivor Novello” və “MTV Moonmen” mükafatlarına layiq görülüb, Böyük Britaniyada 13 dəfə nominasiya əldə edib və biletləri tamamilə satılan beş dünya turunu reallaşdırıb.
Konsertinin ardınca məşhur DJ Afrojack idmansevərlərə coşqulu gecə təqdim edib. “Grammy” mükafatına sahib Afrojack bəstəkarlığı ilə də məşhurdur.
Afrojack yalnız öz treklərinə görə yox, həm də məşhur müğənnilər üçün bəstələdiyi mahnılara görə tanınıb. Onun bəstələdiyi treklər sırasına Beyonsun “Run the world (Girls)”, Madonnanın David Quetta ilə birlikdə ifa etdiyi “Revolver” və Ne-Yo ilə Pitbullun birgə səsləndirdikləri “Give me everything” mahnıları daxildir.