Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana uşaqlarının diqqətsiz, evsiz, kirayələrdə qalmasından gileylənib.
Bu barədə Publika.az-a Canana xanım özü açıqlama verib.
O bildirib ki, hazırda Moskvada yaşayan sənətçi nəvələriylə maraqlanmır, heç bir maddi-mənəvi dəstək göstərmir:
"Onlar Moskvaya köçüblər, orada yaşayırlar. Uşaqlarla görüşmürlər, görüntülü danışırlar. Mətanət xanım nəvələrinə heç bir dəstək göstərmir. Oğlum Tuncay incəsənətə meyillidir, onun tədbirlərə qatılması üçün məsrəf xərclənməli idi, mahnılar çıxmalı idi, yarımçıq qaldı. Ayrılıq hər bir ailədə ola bilər, amma uşağa ayrılığın travmasını yaşatmaq olmaz. Maddi çətinlik üzündən mən uşaqlarıma istədikləri təhsili verə bilmədim. Uşaq Mətanət xanımla telefonda danışanda ağlayıb dedi ki, sən etdin hər şeyi, mən indi hazırlığa gedə bilmirəm deyə, sinifdə qalacam. O da cavabında dedi ki, narahat olma, sən böyüyəndə mən sənə müəllim tutacam. Uşağımın təməlini korladılar. Maşınınəvələrinə yox, ərinin ögey oğluna verirsə, bu Mətanət İsgəndərlidən nə gözləmək olar?"
"Mətanət xanımla qalmaqal yaşamanız həyatınızdan nələri aldı" sualımıza Canana xanım od püskürdü:
"Birinci növbədə uşaqlarım əziyyət çəkdi. İkinci növbədə isə, Mətanət xanımın ətrafı genişdir, hər yerdə sözü keçir, güclüdürlər. Media nümayəndələri həmişə mənə dəstək olublar, sağ olsunlar. İndi də istəyirəm, uşaqlarımın evinin alınmasında mənə dəstək olsunlar. Bu uşaqlar həmişə hər şeyin yaxşısını görüblər, Mətanət xanım onları yağ-bal içində saxlayıb, indi isə kirayələrdə qalıblar uşaqlar. İstəmirəm, bizim aramızda olanlara görə uşaqlar korluq çəksinlər. Müstəqil insanam. Heç kimin əlinin altında acı sözlərini udmuram. Həqiqətən əziyyət çəkirdim, təhqirlərilə məni çox incidirdilər. Ailəmin verdiyi tərbiyəyə görə dözüb otururdum. Başqası olsa dözüb oturmazdı".
O, "Qızınızın adını dəyişmisiz. Bəs barışıq olarsa, bu addımınıza görə peşman olarsınız" sualımıza belə cavab verdi:
"Mən heç bir zaman onlarla barışmaram. Allahın qismətidir, heç vaxt "heç vaxt" demirəm, düşmən də deyiləm, amma qəlbim qırılıb onlardan. Nə qədər uzaq olsam, bir o qədər yaxşıdır. İtirdiyim illərimə görə çox peşmanam. 20 ilim getdi. 8 il nişanlı saxladılar, oğlu əl çəkmirdi. Özünü öldürəcəyiylə hədələyirdi, məcbur qalıb ona dəstək oldum. Hətta toyuma bir gün qalmış da üzüyü qaytramaq istədim. Əgər ailədə ana, bacı, xala işə qarışırsa, o ailədə heç bir zaman xoşbəxtlik ola bilməz. Anasının əlinə baxan oğlan idi, onun-bunun sözüylə idarə edirdi ailəni. Ona görə indi tək qalmışam, qazancım uşaqların təhsili və kirayə puluna gedir. Çəkdiyim əziyyətə görə onları heç zaman bağışlamayacam".
Qeyd edək ki, 3 övladları olan Canana və Kərim ötən il böyük qalmaqalla ayrılmışdılar.