Müğənni Niyam Salamiyə məxsus restoranlar cərimələnib.
“Qafqazinfo” xəbər verir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən “Salam-İ” restoranında (keçmiş “Turan Eli” ) şənbə günü xüsusi karantin rejimi kobud şəkildə pozularaq gizli toy mərasimi keçirilib. Hüquq- mühafizə orqanlarının əməkdaşları məkanda əməliyyat keçiriblər. Nəticədə toy sahibləri, qonaqlar və restoranın işçi heyəti polis şöbəsinə aparılıb. N. Salami beş min manat, məkanın administratoru 200 AZN dəyərində cərimələnib.
Üç gün əvvəl isə sənətçinin Novxanı qəsəbəsində yerləşən “Salam-İ” restoranında Daxili İşlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizlik Agentliyi tərəfindən reyd aparılıb. Monitorinq zamanı qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunub və iaşə obyekti 400 manat dəyərində cərimələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Anar Qafarov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində yerləşən “Salam-İ” restoranında toy şənliyinin keçirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.
Həmin məkana polis əməkdaşları tərəfindən baxış keçirilib. Məlumat yoxlanılan zaman fakt öz təsdiqini tapıb. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən obyektin icarədarı Masallı rayonunda qeydiyyatda olan Niyaməddin Səfərov (Niyam Salami-red) barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 5000 manat, restoranın administratoru Orxan Nadirov barəsində 200 manat inzibati tənbeh tədbiri görülüb.