“İndi 150 nəfərlik toyların keçirilməsinin tərəfdarıyam. Çünki aşağı-yuxarı insanın ən yaxın doğmaları, əzizləri elə 150 nəfər olur. Daha xalaqızının əmisi nəvəsini, bibim qızının qayınanasını toya çağırmağın nə mənası var”
Bunu Moderator.az-a açıqlamasında aparıcı Rövşanə Ağsəfqızı deyib. Aparıcı artıq bir neçə toya dəvət aldığını da bildirib:
“Toy dəvətnaməsi almışam. Əslində bir neçə toya işimdən irəli gələrək gedə bilmədim, çünki həmin saatda canlı efirdə oluram. Gec olduğu üçün pul göndərdim. Hal hazırda da bir neçə toy dəvətnaməsi var. Yəni ki, hələ deyə bilmərəm belə istilərdə toya gedə bilərəm, yoxsa yox, amma pul göndərəcəm.
Aparıcı yeni toy qaydalarını dəstəklədiyini və uzaq qohumların toya dəvət edilməsinin əleyhinə olduğunu bildirdi:
“İndi 150 nəfərlik toyların keçirilməsinin tərəfdarıyam. Çünki aşağı-yuxarı insanın ən yaxın doğmaları, əzizləri elə 150 nəfər olur. Daha xalaqızının əmisi nəvəsini, bibim qızının qayınanasını toya çağırmağın nə mənası var? Hesab edirəm ki, bu şeylər yığışılmalıdır. Bu əlavə əziyyətdi, yükdü. Artıq bu insanların boynunun yükünə çevrilib. Camaatın balasının şad günündə ən yaxınları iştirak etməlidir. Məsələn, yüz il bundan qabaq babam gedib kiminsə toyuna rus əlliliyi pul salıb və indi bu yük mənim boynumdadır və atamın əmisi nəvəsinin baldızının toyuna gedib o pulu qaytarmalıyam. Ata-babadan qalan yük uşaqların çiyninə düşür. Hamı fikirləşməlidir ki, 150-200 nəfərlik toy edirəmsə, ən yaxın adamlar bura sevinə-sevinə gəlsinlər. Bu artıq yazılmamış bir qanuna, xəstəliyinə çevrilib və bundan qurtulmaq lazımdı. Düzdü, pandemiya bitəndən sonra heç kimə qadağa qoymaq olmaz ki, sən niyə 150 yox, 160 nəfər çağırdın. Amma fakt odur ki, pandemiya dövründə gördük ki, bu şeylər pis deyil. Sadəcə bir az yumşalmalar olsa, pasport məsələsi ləğv edilsə, daha yaxşı olar”.