Xalq artisti Flora Kərimova İnstaqram sosial şəbəkəsində onu təhqir edən şəxsi məhkəməyə verib.
SHOWNEWS.AZ oxu.az-a istinadən xəbər verir ki, istifadəçi İnstaqram sosial şəbəkəsində şou səhifələrinin birində yerləşdirilmiş və mərhum Xalq artisti İlhamə Quliyevanın da adı çəkilmiş statusda təhqiramiz şərhlər yazıb.
Məhkəmə müəyyən edib ki, həmin istifadəçi Flora Kərimovanın şəxsi həyatı haqqında böhtan və təhqir dolu fikirlər yazaraq onu mərhum İlhamə Quliyeva ilə müqayisə edib. İstifadəçi həmin təhqirlər fonunda İlhamə Quliyevanın Flora Kərimovadan yaxşı sənətkar olduğunu da bildirib.
Təqsirləndirilən şəxs məhkəmə ifadəsində özünü təqsirli bilib, lakin əlavə edib ki, məqsədi heç də Flora Kərimovanı təhqir etmək olmayıb. O, Flora Kərimova ilə barışığa cəhd etsə də, Xalq artisti bu təklifi rədd edib.
Həmin şəxs məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək bir il müddətinə islah işləri cəzasına məhkum edilib.