Əməkdar artist Elza Seyidcahanın anasına məxsus olan obyektlə bağlı qalmaqal daha da böyüyüb.
Axşam.az xəbər verir ki, müğənni onu təhqir edən Rüstəm Kərimzadə adlı şəxslə "Təsir dairəsi" proqramında üz-üzə gəlib.
R.Kərimov bildirib ki, Seyidcahan onlara pul borcludur və ödəmir:
"Elza xanımın qızının adına olan obyektlə bağlıdır. Onlarla razılaşmışıq ki, məkanı təmir edirik və aylıq kirayə haqqını təmirə çıxırıq. Həmin təmir müddətində başa düşdük ki, onlar bizi aldadır. 3 ay yarım təmir gedir. Heç kim başqasının məkanında icazəsiz qalmaz. İşin bitməsinə 2 gün qalmış Elza xanım məkana qadınlarla gəlib bizim çıxmağımızı tələb edir. Məhkəməyə verildi iş. Apellyasiya, Ali məhkəmə baş tutdu. Məhkəmə qərarına görə, Elza Seyidcahan 58 min797 manat pulu ödəməlidir. Onlar pulu ödəməmək üçün hər cür varianta əl atırlar. Onlar ora qanunsuz girir, məhkəmə qərarını pozur".
E.Seyidcahanın vəkili "Biz pulun hissə-hissə ödənməsi haqda məhkəməyə sənəd vermişik. İcra işi dayanıb. Siz onların qapısına gedib, pul versinlər deyə hədə-qorxu gəlmişiniz" deyə, söyləyib.
Verilişə telefonla zəng edən müğənni Rəqsanə İsmayılova həmin şəxslərin onun da başına eyni oyunu açdığını açıqlayıb:
"Bir neçə il əvvəl bu hadisə yaşanıb. Onlarla böyük problemim olub və hazırda da davam edir. Necə ki, Elza xanımın üstünə elə böyük məbləğ qoyub ödətdirməyə çalışırlar, eləcə də mənim. Hara gedirdim adamları qarşımı kəsir hədələyir, biabırçı hərəkətlər edirdilər. Məcbur qalaraq onlara pul ödəyirdim. Bir maşını yoxlamaq üçün aldım, qəza keçirdim. 15 min dollar təmir üçün pul ödəməliydim. Onlar 127 min dollar tələb etdilər. Günüm məhkəmədə keçdi. Sonra məlum oldu ki, on ildən artıqdır bankdan maşını götürüb pulu ödəmir. Hər axşam başqa nömrələr taxır sürürlər. Bank müdirinin yanına gedəndə, dedilər onları tuta bilmirik. Bu gün də onlara pul ödəyirəm. Canımı məhkəmədən qurtarmaq üçün. Sonra eşitdim ata, oğullar həbs edilib".
Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.
Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. Xatırladaq ki, Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu haqda mediada xəbərlər yayılmışdı. O, daha sonra müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası da qaldırmışdı.