Xalq artisti Brilliant Dadaşova "Səs Azərbaycan"da komandasında olan Mədinə adlı iştirakçı ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, müğənni münsif kürsüsündə otura həmkarlarına söz atıb:
"Səhnədə sizi tərifləyib, "super" deyib, yalnış yönləndirənlər bundan sonra da çox olacaq. Bu sənət yolu riyakarlıqlarla dolu bir aləmdir. Gözləyək görək... Təki bu təriflər doğru olsun, nəticədə sizi tərifləyənlər sizi oyundan xaric etməsinlər. Nicat və Murad, sizi də ayaqüstə alqışlayıb, tərif dolu reklam xarakterli hərəkətlərlə yanılda bilərlər. Nicat, sən Qarabağda savaşdığını deyəndə sənə hansı bölgədə olduğun barəsində sual vermişdim. Təəssüf edirəm ki, lüzumsuz səs-küy salanlar sənə öz igidliyindən danışmağa fürsət vermədilər. Çünkü orada sənin cavabın alqışlarla susduruldu . Heyfslənirəm ki, öz şücaətindən danışa bilmədin. Nəticədə sən yox, alqışlayanlar gündəm oldular. Yenə də nəticəni gözləyək görək nə olur... Sənin və Muradın Qarabağ döyüşündə savaşdığınızı öncədən bilsəydim, görmədən dinləmələrdə dönərdim və sizdən birinizi alqışlamadan finala qədər aparıb, mütləq qalib edərdim ki, sizi sonda alqışlasınlar. Özü də bütün dünya alqışlasın. Yenə də gözləyək görək nəticə necə olacaq.
Amma əziz övladlarım, 35 illik sənət təcrübəmə inanın. Əsas qəlbinizin səsini dinləyərək irəliləyin. Çalışın özünüzü, musiqinizi inkişaf etdirin. Ümüd edirəm ki, münsif kürsüsündə oturan tanınmış müğənnilər məndən ibrət alaraq sizi proqramlara çıxarıb, tanıdaraq sizə real dəstək olarlar. Necə ki, mən öz iştirakçılarıma dəstək oluram. Əla demədən, alqışlamadan".