"Hüquq-mühafizə orqanlarının araşdırmasından sonra məlum olub ki, sosial şəbəkədə məni, ailəmi, rəhmətə gedən anamı təhqir edən Cabbar Musayev və münasibətdə olduğu qadın ifaçı imiş".
Bu açıqlamanı SHOWNEWS.AZ-a müğənni Dəniz Əsədova edib. İfaçı bildirib ki, onun şikayəti əsasında bu gün Cabbar Musayev polisə də çağırılıb:
"Mən Cabbar Musayevdən musiqi dərsləri alırdım. Özümün biznesi var. Qohumlarım da vəzifəli şəxslərdir. Mən şou-biznesdən pul qazanıb sənətimə qoymamışam. Mən sənətə gəlməzdən öncə bahalı avtomobilim, evlərim, bizneslərim olub. Mən şoudan qazanıb biznes qurmamışam. Əksinə bəstələrə, kliplərə, fotosessiyalara öz biznesimdən qazandığım pulları xərcləyirəm. Eyni zamanda musiqi dərsləri də alıram. Özüm də bilmədən Cabbar Musayevin eşq yaşadığı xanım məni qısqanıb. Saxta hesablar açıb ünvanıma nalayiq sözlər yazmağa başlayıb. Öncə fikir vermirdim. Sonradan öyrəndim ki, sən demə bunları yazan həmin qız imiş. Sentyabr ayında bu söyüşləri yazanın kimliyini bildikdən sonra mən Cabbar Musayevlə danışdım. Dərslərimi dayandırdım və ona yiyəlik etməsini dedim. Əks halda bu məsələnin böyüyəcəyini söylədim. Lakin görürən odur ki, qarşı tərəf nəinki sakitləşdi, əksinə saxta hesabların sayını çoxaldıb bütün nəslimi söyməyə, haqqımda şaiyələr yaymağa başladı. Onun yazdığı və yaydığı şaiyələri mənim qohumlarım, ailəm oxuyur. Hamının əsəbləri tarıma çəkilib. Mən uşaq-muşaq deyiləm. Böyük nəslin nümayəndəsiyəm. İşin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmişəm".
Dəniz Əsədova bildirdi ki, bu işdə Cabbar Musayevin də əli var və o, bu gün polis idarəsinə çağırılıb:
"İndi yazılan şərhlərin kim tərəfindən, hansı ünvandan yazıldığını tapmaq çətin deyil. Ünvana kimi hamısı göstərilir. Məlum olub ki, təhqiri o qız tək yox, elə Cabbar ilə birlikdə yazıb. Bu gün polis Cabbar Musayevi çağırıb. Sabah artıq vəkili ilə gedəcək. Mənim heç kəslə işim olmayıb. Bu davanı yaradan, qızışdıran onlar olub. İndi də cəzasını çəksinlər".
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.