“Xatirə İslamın verilişlərdən qonorar istəməsinə normal baxıram. Mən çox mediatik insanam, efirə çıxmaya da bilərəm. Bir status yazsam, ya da hansısa paylaşıma rəy əlavə etsəm, xəbər olur. Efirə gəlib-gəlməməyimin mənə xeyri, ya da ziyanı yoxdur. Ona görə proqramlarda nadir hallarda qonaq oluram".
OLAY yazır ki, bu sözləri "Özəl Tube" verilişində müğənni Nura Suri deyib. Sənətçi həmkarı Xatirə İslamın televiziyalardan qonorar tələb etməsini dəstəkləyib:
"Müğənnilərə qonorar ödənilsə, bazar olmasa, istəyən pul verib çıxmasa, o veriliş "partlayar". Çünki bir ay ərzində dörd buraxılışın varsa, bilirsən bu gün qonağın kimdir. Yaxud da çox efirə çıxmayanlardan fikirləşirsən. Məsələn, Zülfiyyə Xanbabayeva efirlərdə olmur. O, mənim üçün də maraqlıdır. Bəzi söhbətlər var ki, efirdə onunla danışılmayıb. Pul verib, onu efirə dəvət edərəm ki, baxılsın. Bilirəm ki, nə Röya , nə də Aygün Kazımova hansısa bayram konsertində olmadı.
Yəni danışılmalı söhbət, yeni layihələri, albomları varsa, niyə də pul ödəyib gətirməyəsən? Misal üçün, Tarkan telekanallara çıxmır, müsahibələr vermir. Ona görə də meqastardır. Bizdə bu mümkün deyil. Hansı müğənnini görmək istəyirsən, ödəniş edirsən, gəlir məclisində oxuyur. Sənin üçün əlçatandır. Bu, fərq etmir, istəyir Xalq artisti olsun. Təbii ki, Zeynəb Xanlarovanı demirəm, o heç vaxt toya getməyib. Lakin ondan başqa "toya getmirəm" deyən müğənnilər var ki, yüksək qonorarla razılaşıb, oxuyublar".
N. Suri digər həmkarı Elçin Hüseynovun "Müğənni qızla ailə qurmaq olmaz" açıqlamasına da münasibət bildirib və onunla razılaşmayıb:
"Elçinin fikri yanlışdır. Absurddur. Bir insan digərinin peşəsinə və sənətinə görə dəyər verirsə, onda sözüm yoxdur. Burda “error” verirsən".
Bundan əlavə, müğənniyə "Nura hans; aparıcının verilişinə getməz" sualı ünvanlanıb və Nanə Ağamalıyevanın, Zaur Kamalın, Afaq Gəncəlinin adı çəkilib.
Nura qalmaqal yaşadığı Afaqın veirilişinə heç vaxt getməyəcəyini söyləyib:
“Ona Ayan Babakişiyeva çox gözəl cavab verdi. Ayanla da söhbətləri düşdü. Deyəsən, keçən dəfə Tolikin verilişində deyib ki, Afaqla rəfiqə olublar, onun şəxsi həyatı ilə bağlı yetəri qədər məlumatlı imiş, lakin proqramda bununla əlaqəli sual verməsi yersiz olub. Ayan belə bir söz dedi. Deməli, Afaq Ayanı verilişə dəvət edib, ona şəxsi həyatı haqda sual verib. O, düz etməyib, baxanda mənim də xoşuma gəlmədi. Mən də Afaqla dostluq etmişəm, xətrini çox istəmişəm, indi heç salamlaşmırıq da. Çünki deyirlər, uman yerdən küsərlər. Bir var ki, tanımadığın aparıcı səni pis vəziyyətə salmaq üçün hansısa sual verir. O zaman fikir vermirsən, deyirsən, aparıcıdır da. Axı sənin söhbətin, hörmətin olan aparıcı belə bir sual ünvanlayır. ATV-də işlədiyi vaxt mənimlə bağlı qərəzli süjetlər yayımlandı. Çox sadə bir şey deyəcəm, Ayla müsahibə vermişdi, demişdi ki, Nura mənə dəstək olur. Onu çıxarmışdılar. Kim məndən yaxşı danışırdısa, kəsirdilər. Ancaq qalmaqallı süjetlər olurdu. Xeyir ola?
Elə müğənnilərimiz var ki, hansı verilişi açırsan, ancaq onları tərifləyirlər. Sanki kimsə deyib ki, Brilliant Dadaşova, Faiq Ağayev, Röya və Aygün Kazımovanı tərifləməlisiz, hamı onların adını çəkməlidir. A kateoqriyasında olan müğənnilərdir, Xalq artistləridir. Adları çəkilməsə, sanki onların zövqü yoxdur, bəyənməyəcəklər, başqa müğənnilərdən danışmağa belə ehtiyac duymurlar. Onlar təriflənəndə yayımlanır, başqa müğənnilərdə isə yox. Bu qərəzli münasibətdir. Mənim Zaur Kamalla da, Nanə Ağamalıyeva ilə də dostluğum yoxdur. Zaurun da verilişində olmuşam, problem yaşamamışam. Nanənin proqramının formatı mənim tərzimə uyğun deyil. Afaq ATV-də də qalmaqalları özü edirdi. Amma boynundan ata bilirdi, deyirdi, xəbərim olmayıb, ya Ruslan edib (ATV maqazin proqramının keçmiş əməkdaşı Ruslan Ağayev - red), ya da başqası... Xəzər TV-də isə belə edə bilmir. Uman yerdən küsərlər. Mən Afaqa qarşı çox yaxşı olmuşam. O hərəkəti etmərəm, Afaq, əksinə olmadığın yerdə səni müdafiə edərəm. Sən isə mənimlə bağlı xoş sözləri kəsirsən, pisləri saxlayırsan".
Nura "Üç müğənnidən - Aygün Kazımova, Röya Ayxan və Tünzalə Ağayevadan hansı çox işgüzardır" - sualını belə cavablandırıb:
"Aygün Kazımova da, Röya da tez-tez klip çıxarır, konsert verir. Tünzalə də arada edir. Azərbaycanda belə bir fikir formalaşıb, sanki şou-biznes 4-5 müğənnidən ibarətdir. Brilliant Dadaşova, Faiq Ağayev, Aygün Kazımova, Röya... Şou-biznes yalnız onlardan ibarət deyil. Onlar işgüzardırlar, lakin çalışan başqa müğənnilər də var. Röya da, Aygün də çox işləyir. Hətta aralarındakı rəqabət ikisini də irəli aparır. Mən isə bir seçim edə bilməyəcəm".
N. Suri daha sonra şou-biznesin ən “çoxbilmiş” müğənnisinin isə Xalq artisti Tünzalə Ağayeva olduğunu qeyd edib.