“Xalqın içində oluram. Məni duz kimi yalayıb, bağırlarına basırlar. Günü-gündən gözəlləşirəm, pöhrələnirəm”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Xəzər” televiziyasında yayımlanan “X maqazin” proqramında deyib. Sosial mediada haqqında yazılan tənqid dolu rəylərə sənətçinin reaksiyası belə oldu:
“Sosial şəbəkədə bəzi insanlar var ki, xalqın adından danışırlar. Orada özünə 50 profil açıb, ağzına gələni yazır. Onlar içlərində yanırlar, üzdə isə hamıya gülürlər”.
“Həyatımda heç zaman şiddətə məruz qalmamışam. Mehriban qadınam” söyləyən Elza bu mövzuda olan fikirlərini belə davam edib:
“Bu yaşıma çatmışam, amma həyat yoldaşım mənə hələ çırtma da vurmayıb. Əslində hər zaman düşünmüşəm ki, görəsən bir kişi necə ola bilər ki, xanımı vursun? Bir dəfə ərim məni vurardı, bilərdim ki, vurmaq necə olur. Mənim ailəm dağılanda hamı şoka düşdü ki, bunların ailələri mehriban ola-ola, necə oldu ki, ayrılmaq qərarına gəldilər? Çünki mən elə bir insanam ki, hər şeyi ört-basdır edirəm. Nələrinsə üstündən keçib, bağışlaya bilirəm”.
Müxbirin “Yenidən ailə quracaqsınız?” sualına Əməkdar artist cavabı ilə gah nala, gah da ki mıxa vurdu:
“Gələcəyim qarşıdadır. Hələ ki mən sevilirəm. Hazırda biz koronavirusla mübarizə aparırıq. İndiki zamanda yenidən ailə qurmaq məsələsi aktual deyil, durğunluqdur”.
Qeyd edək ki, bir dəfə ailə quran, lakin sonradan boşanan Elza Seyidcahanın həmin evlilikdən Ələkbər adlı bir oğlu, Gülşən adlı bir qızı var.