"Uşaq və Yeniyetmələrə Dəstək" ictimai birliyinin təşəbbüsü və DaVuD Qədiroğlunun təşkilatçılığı ilə 24 aprel tarixində Bakı Gənclər Mərkəzində "Qəlblərin harmoniyası" adlı Milli və dünya rəqsləri festivalı keçiriləcək.
Tədbir çərçivəsində Bakıda fəaliyyət göstərən uşaq və gənclərin rəqs kollektivlərinin iştirakı ilə müxtəlif rəqs kompozisiyaları, həmçinin sənətşünas-rəssam Məryəm Əsədovanın rəqs tarixinə işıq tutan əsərlərindən ibarət sərgisi nümayiş olunacaq.
Festivalın təşkilində əsas məqsad unudulmaqda olan Azərbaycan və dünya rəqslərinin uşaq və gənclər arasında tanıtmaq, mədəni, sosial müxtəlifliyə baxmayaraq rəqsin insanlar arasında emosional özünüifadə forması olduğuna diqqət çəkməkdir.
Rəqs kompazisiyaları münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinin tərkibini xalq artistləri Eldar Mansurov və Cəmilə Bayramova, əməkdar artistlər Etibar Zeynalov və Eteri Cəfərova, ritm ifaçısı Cəfər Həsənov, rəqqasə, pedaqoq Səbinə İsmayılova təşkil edəcək.
Məlumat üçün qeyd edək ki, 29 aprel tarixi hər il bütün dünyada "Beynəlxalq rəqs günü" kimi qeyd olunur.