Ötən gün “Miss&Mister Azerbaijan 2022” gözəllik yarışı keçirilib. Xanımlar arasında model Nurlanə Vəliyeva “Miss Azərbaycan 2022” adına layiq görülərək birinci yeri qazanıb.
Sosial media istifadəçiləri modelin ünvanına tənqidlər yağdırıblar. Onlar Nurlanənin təbii gözəl olmadığını yazaraq, sünilikdə ittiham ediblər.
N.Vəliyeva qalibiyyəti ilə bağlı ətrafında gəzib-dolaşan söz-söhbətlərə aydınlıq gətirmək üçün Bizim.Media-ya özəl müsahibə verib.
- Neçə ildir modellik biznesindəsiniz?
- 16 yaşımdan bu sahədəyəm. Bundan əvvəl oxatma komandasında idim. Mən Azərbaycan və dəfələrlə Bakı çempionu olmuşam. 2015-ci ildə Avropa Oyunlarında və bir çox digər Avropa və dünya çempionatlarında iştirak etmişəm. Sonra tüfəngdən atəş açmağa keçdim. Gənclər arasında dünya çempionatında da iştirak etmişəm. Sonradan isə tapançadan atəş açmağa başladım. İstənilən qızın arzusu model olmaqdır və mən də istisna deyiləm. Anam isə deyirdi ki, əgər modellik idman üzrə oxumağına mane olmayacaqsa, mən sənin bu seçiminə qarşı çıxmaram. Buna görə də özümü model kimi sınamaq qərarına gəldim və model agentliyinə getdim. Bundan sonra modellik karyeram başladı.
- Necə oldu ki, “Miss&Mister Azerbaijan 2022” gözəllik müsabiqəsində iştirak etmək qərarına gəldiniz?
- 2020-ci ildə həmin müsabiqədə iştirak etmək arzum vardı. Kastinqlərə gec gəldim və başa düşdüm ki, bu yarış çox vaxt aparacaq. O vaxt magistraturaya hazırlaşırdım. Müsabiqədən imtina etmək qərarına gəldim. Bu il isə idman jurnalistikası üzrə magistraturanı ingilis dilində bitirdim. Nəticə etibarı ilə zaman yüküm azaldı və müsabiqəyə qatılmaq qərarına gəldim.
- Müsabiqədə rəqibləriniz qalibiyyətə necə reaksiya verdilər?
- Şübhəsiz ki, rəqabət var idi. İştirakçıların hamısı gözəl və layiqli idi. Onlarda paxıllıq görmədim. Hamı bir-biri ilə mehriban idi. Digər qızlar da müxtəlif hədiyyələr qazandılar.
- Sosial şəbəkə izləyiciləri sizi çox sayda estetik və plastik əməliyyatlar keçirməkdə ittiham edirlər...
- İndi gözəllik standartları dəyişib. Qızlara özlərində bir şeyi yaxşılığa doğru dəyişməyə icazə verilir. Əlbəttə ki, əgər bütün bunlar vulqar yox, təbii, gözəl və daha mülayim görünürsə. Əgər bir insanın plastik əməliyyata həqiqətən ehtiyacı varsa, bıçaq altına girə bilərsiniz. Oxçuluq üzrə Azərbaycan yığmasında olduğum üçün burnumda deformasiya yarandı və rinoplastika əməliyyatı keçirməli oldum. Nəfəs almaqda da çətinlik çəkirdim. Əməliyyat etdirib, beləcə hər iki problemdən qurtuldum.
- İzləyicilərin neqativ şərhlərini oxuyanda necə reaksiya verirsiniz?
- Mənə nifrət edənlərin şərhlərinə cavab vermirəm. Onların yazdıqlarına cavab versəm, yanan ocağa benzin tökmüş olaram. Nəticədə münaqişə yeni mərhələyə keçəcəkdi. Ona görə də mənfi şərhlərə cavab vermirəm.
- “Miss Azerbaijan 2021” gözəllik yarışının qalibi Milan Babayeva haqqınızda sosial şəbəkə hesabında neqativ rəylər yazır. Hətta o, haradansa uşaqlıq şəkillərinizi tapıb və haqqınızda pis danışan izləyicilərin mesajlarını “Instagram” səhifəsində paylaşır. Buna münasibətiniz?
- Düşünürəm ki, neqativlik ən çox şəxsi komplekslərdən, paxıllıqdan, diqqətsizlikdən və həyata keçməmiş arzulardan yaranır. Qonşumuzun xoşbəxtliyinə çox azımız tab gətirə bilirik. Bəzi insanlar istədiklərini görürlər. “Instagram”, sosial media həyatı real həyatdan tam fərqlidir. Bəlkə də, “Instagram”da bütün qızlar eyni görünürlər, amma həyatda belə deyil. Bu fotoşəkillər çox güclü şəkildə fotoşoplanıb və redaktə edilib. Onlar bizim arxivdəndir. Pis redaktə olunub. Çox az adam uşaqlıq fotolarını paylaşanda gözəlliyi ilə öyünə bilər. Çünki zahiri görünüş məhz bu zaman formalaşır. Elə bir dövrdə yaşayırıq ki, internetdə istənilən ulduzun uşaqlıq fotolarını tapıb onların zamanla necə dəyişdiyini görə bilərsiniz. Mən ondan fərqli olaraq, plastik əməliyyatlarımı gizlətmirəm, olduğu kimi danışıram. Uşaqlıq şəkillərimin sosial şəbəkələrdə paylaşılmağında bir məna görmürəm.
- Milan Babayeva ilə şəxsi tanışlığınız var?
- Təəssüf ki, şəhərimiz balacadır və istəsən də, istəməsən də Milanın simasında olan belə insanlarla qarşılaşmalısan.
- Sizcə, o, “Miss Azerbaijan 2021” gözəllik yarışının adına layiqdirmi?
- Onun “Miss Azərbaycan 2021” adına layiq olub-olmamasına şərh və cavab vermək istəmirəm.
- Milan sosial şəbəkə hesabında müsabiqəyə geyindiyiniz libası ondan oğurladığınızı iddia edir. Bu, həqiqətdir, yoxsa yalan?
- Müsahibənin əvvəlində qeyd etdim ki, 16 yaşımdan modellik sahəsindəyəm. Müxtəlif dizaynerlərlə işləmişəm. Mən də Moskvada model agentliyində idim və qısa müddətə Bakıya qayıtdım. Moskvada çox səviyyəli dizaynerlər gördüm. Sizcə, bunları görən adam Milandan geyim üslubu oğurlayacaq? (gülür). Mənim öz dizaynerim var, o mənə paltar sifariş etdi. Libas mənə çox yaraşırdı. Bu paltarı mənə Moskvadan göndəriblər. İnanın, Milan kimi birisinin paltarını seçmək ən son istəyim olar.