"Bu gün insanlar çox şeyi başqa cür fikirləşirlər. Son zamanlar boşanma dəbi düşüb, sanki boşanmaq bir trend olub”.
Bu sözləri Yenisabah.az-a müğənni Nadir Qafarzadə deyib.
Son vaxtlar boşanmaların artması ilə bağlı fikirlərini bölüşən sənətçi gənclərin ailəyə qeyri-ciddi yanaşdığını bildirib:
"İndi boşanma da geyim kimi olub, hamı geyindi mən də geyinim, hamı boşandı, mən də boşanım. Bu gün bu mövzu o qədər ucuzlaşıb, o qədər çəkisini itirib ki, bəzi insanlar evlənməyi oyuncağa çeviriblər. Düşünüb-daşınmadan ailə qurmağa hazırlaşırlar. İndi də dəb düşüb: Mənim sevgilim. "Mənim sevgilim” ümumiyyətlə, nə deməkdir? Mən indiyə qədər bu anlayışı başa düşməmişəm. Ya sənin nişanlın, ya həyat yoldaşın olar. Sevgilim sözü, məncə, gün keçirtmək üçün olan məşğuliyyətdir. Mən belə düşünürəm. Ona görə də sevgili anlayışında olan insanlar bir müddət qızla, ya oğlanla oturub-dururlar, sonra guya evlənmək istəyirlər, evlənəndən sonra da elə sevgili olduqları vaxtdakı kimi davam edib, axırda da ayrılırlar”.
Onun sözlərinə görə, gənclər evlənib-boşanmağı əyləncəyə çevirib:
"Artıq məsuliyyətsizlik var. Gənclər fikirləşir ki, kimin nəyinə lazım, özüm bilərəm, öz həyatımdır. Boşanmaq üçün maksimum dözmək lazımdır, ayrılmaq üçün ciddi səbəb olmalıdır. Boşanırlar, sonra da deyirlər "Xasiyyəti xoşuma gəlmədi”. Uşaq da arada qalır. Sizin 5-6 günlük kefinizə, əyləncənizə görə iki, üç insanın həyatlı məhv olur, bunu düşünmürsünüz? Burada valideyn məsuliyyətsizliyi var. Əvvəllər hər bir evdə ağsaqqal, ağbirçək olardı. Məsələləri onlar çözərdi. İndi ağsaqqalı, ağbirçəyi sayan da yoxdur. O üzdən də hər şey cılızlaşıb. Təbii ki, yaxşı qızlarımız, yaxşı ailələrimiz də var, amma hər şey adiləşib. Evlənmək bilirsiz nəyə çevrilib? Getdim bazara, ət aldım, bəyənmədim, verdim itlərə. Evlənmək də eyni belə bir şeyə çevrilib, gedərəm, bu yaxşı olmaz, boşanaram, başqasına gedərəm deyə düşünürlər. Məsuliyyət lazımdır, hər bir addımda götür-qoy etmək lazımdır. Mənim də yaşım az deyil, 51 yaşım var, görüb-keçirmiş insanam. Mən müasir insanam, geridə qalmamışam. Bəziləri üçün boşanmaq müasirlikdir, amma belə deyil. Mən bunu istəməzdim, xoşbəxt, sağlam ailə görəndə çox sevinirəm”.