Aktyor Corc Qafar və qardaşı Jerar Qafarova dövlət tərəfindən ev verilməsi müzakirə yaradıb.
SHOWNEWS.AZ xəbər verir ki, xəbər birmənalı qarşılanmayıb və sosial şəbəkədə etiraz edənlər çoxluq təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bu barədə açıqlama verib:
“Sosial şəbəkələrdə müğənni Roza Zərgərlinin övladlığa götürdüyü deyilən Corc Qafarova niyə mənzil verilməsi barədə məlumat paylaşılır. Qeyd edim ki, Nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir. İndiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir. Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyatı dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də, Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib. Yəni, Corc Qafarova mənzil ona görə verilməyib ki, deyilən məlumata görə o müğənninin himayəsində yaşayır. Ona görə ev verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib. Ümid edirəm, məsələ aydın oldu”.