"Bəzən mənə zənglər olur. Deyirlər "Roza xanım bizə rəqs öyrədin”. Dedim ayıb olsun sizə. Bizim vaxtlarda toyda gəlin utandığından başını yuxarı qaldırmırdı. İndi çıxıb oynayırlar. Bu mütrüflükdü. Ayıbdı. Gəlin utanar. İndi ləzginka oynamaq istəyirlər. Başa düşürəm, müasir dövrdü. Ancaq gərək gəlinlər Uzundərə, İnnabı, Naz-naz oynasın. Yoxsa ləzginka, atdanıb düşmək olmaz. Belə şeyə normal baxmaq olmaz.".
Bu açıqlamanı Xalq artisti, 94 yaşlı xoreoqraf-baletmeyster Roza Cəlilovanın Report-a müsahibəsində deyib. O, heç öz qızının toyunda belə rəqs etmədiyini açıqlayıb:
"Əgər ciddi adamdırsa, sənətkardırsa, rəqsi sevirsə, toya getmənməlidir. Bu dəhşətdir. Toyun öz kollektivi var. Toy adət-ənənə, şənlik, arzudur. Amma sənətkar rəqqasə pula görə toya getməz. Ancaq səhnədə olar. Toy meydanında yox. İxtiyarı yoxdur. Çünki toylarda içkili adamlar olur, rəqqas isə ciddi sənətlə məşğuldur. Mən heç öz qızımın toyunda oynamamışam. Çox xahiş etdilər, dedim "olmaz".