Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Günel və deputat arasında söhbət böyüyür “Mən o pulu əziyyətlə qazanıram”

Günel və deputat arasında söhbət böyüyür “Mən o pulu əziyyətlə qazanıram”

Milli Məclisin deputatı Rüfət Quliyevlə “Pişik” ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova arasındakı qalmaqal səngimək bilmir. İfaçıdan millət vəkilinə cavab gecikməyib.

Yenisabah.az-a danışan G.Ələkbərova ona “Bir mahnıya 2 min manat alırsınız” – deyən deputatı tənqid edib:

“Bunu deyən deputat 2 min manat pul verib məni məclisinə çağırıbmı? İkincisi, mən 2 min alıramsa, o 5 min alır. Mən səhnədə oxuyub, ayaq üstə dayanıb o pulu alıram, amma siz yumşaq kreslonuzda oturaraq.

Bundan başqa, bahalaşma təkcə “bakuş”la müəyyən olunmur. Hörmətli deputat deyir ki, bahalaşmada kəndlilər günahkardır. Deyir kəndlilər kredit götürüb əkib-becərsinlər. Camaat onsuz da kreditin içində batır, hamının evini kredit faizləri yıxıb. Kreditlə 70-80 minə bir otaqlı ev alırsan, gəlib 140 minə çıxır. Guya deputat yaxşı məsləhət verir, bəs o kəndli krediti sonra necə ödəsin? Kəndlidən məhsulu elə yerindəcə topdan ucuz qiymətə alırlar, imkan vermirlər ki, kəndli piştaxtaya gəlib çıxsın. Guya kreditə girənlərin əli bala batıb? Bu dəstək deyil. Yenə bütün günahı kəndlinin üzərinə yıxırlar. Kəndli nə etsin, qışda qarda, yayda günün altında dayanmadan çalışır. Kredit insanları uçuruma aparır”.

Müğənni deputata müraciət edərək bildirib ki, başqalarının qazandığı pul saymaq düzgün hərəkət deyil:

“Sizlər deputatsınız, heç olmasa, uşaq pulu məsələsini gündəmə gətirin. İnsanlar uşaq pulu ilə təmin olunmalıdır ki, heç olmasa, pampers, sıyıq pulu tapa bilsinlər. Neçə ildir Milli Məclisdə oturublar, elə deyirlər ki, biz deyirik. Siz deyirsiniz, amma heç nə öz həllini tapmır, deməli, fikirlərinizə əhəmiyyət verilmir. Onda bəs necə millət vəkilisiniz? O qədər işləməyən ailələr var ki, uşaqlarına məktəb ləvazimatları belə ala bilmirlər.

Hörmətli Rüfət Quliyev, mən ayaq üstə oxuyub, əziyyətlə o pulu qazanıram. Bundan əlavə, kiminsə qazandığı pulu saymaq ümumiyyətlə, düzgün bir şey deyil, bunu sizə yaraşdırmadım. Müğənnilər də Marsdan gəlməyib, biz də marketə gedib bazarlıq edirik, sadəcə sizdən fərqli olaraq bahalaşmanın fərqinə təkcə “bakuş”da varmırıq”.

Xatırladaq ki, Milli Məclisin deputatı Rüfət Quliyev Günel Ələkbərovanın bahalaşma ilə bağlı fikirlərinə belə cavab vermişdi:

“Deputatlara müraciət edən müğənni xanıma deyin ki, Rüfət Quliyev sizdən soruşur ki, siz hər mahnıya görə nə qədər pul alırsınız və sizin inflyasiyadan xəbəriniz varmı? Bahalaşma hamıya təsir edir, kasıb təbəqəyə daha çox təsir edir. Müğənnilər özləri bir mahnı oxumaq üçün 2 min manat pul alırlar”.