Xalq artisti Emin Ağalarov Rusiyanın "Hello!" dərgisinə müsahibə verib.
Axşam.az xəbər verir ki, müsahibə əsnasında jurnalist müğənnidən onu ötən ilin avqustundan başlayaraq həyat yoldaşı Alyona Qavrilova ilə bağlı paylaşımlarını dəyişməsinə nəyin vadar etdiyini soruşub.
“Düzünü desəm, bu barədə heç düşünməmişəm. Son vaxtlar mediada xəbərləri yozmaq gedir, biz birlikdə deyilik. Sadəcə, mənə elə gəldi ki, onu belə təbrik etsəm, məmnun olar. Bunun heç bir gizli motivi yoxdur” deyə, Emin cavab verib.
Emin sözügedən təbrikdən sonra Alyonanın 10 əyyarlıq üzüklə şəkil paylaşmasını ona yenidən evlilik təklifi etməsi kimi anlaşılmasına isə belə reaksiya verib:
“Təklif etməmişəm və o üzüklə heç bir əlaqəm yoxdur. Deyəsən, bu, ümumiyyətlə, zərgərlik brendi ilə əməkdaşlıq olub. Ad günündə isə ona boyunbağı hədiyyə etmişəm. Hədiyyələrlə arası yaxşıdır, onun üçün narahat olmayın”.
İfaçı pasportdakı möhürün doğrudan da nəyisə dəyişib-dəyişdirməməsi sualına da münasibət bildirib:
“Bizim halda bu mövzu asan deyil, çünki bir çox çətinliklər, eniş-yoxuşlar toyun özü ilə, mənim bəzi ailə üzvlərimin münasibəti ilə bağlı olub. Bundan sonra nə olacaq, indi deyə bilmərəm, çünki bu məsələdə hər iki tərəfin fikri və hissləri önəmlidir. Münasibətlərin rəsmiləşməsinə tamamilə sakit yanaşıram. Belə deyək ki, bu, məni qorxutmur”.
Qeyd edək ki, Eminin Alyona ilə nikahdan bir qız övladı var.