“Şəfiqə Məmmədova bu günlərdə özünü yenidən sədr seçmək istəyir. Şəfiqə xanımla biz tələbə yoldaşı olmuşuq, çox yüksək səviyyədə münasibətlərimiz var. Amma söhbət milli kinomuzdan, kinomuzun taleyindən gedir. Şəfiqə Məmmədova 12 ildir Kinematoqrafçılar İttifaqında sədrdir. Bu qurultayla seçilir, sakitcə 4-5 insanı çay süfrəsinə dəvət edib, sədr seçmirlər. 5 ildən bir qurultay seçilməlidir. Ən azından dövlət rəsmilərinin də, mədəniyyətə xidmət edən şəxslərin də xəbərləri olmalıdır ki, kim sədr seçilib?! Bunlar ittifaqın üzvlərindən xəbərsiz 12 ildir gözlədiyimiz qurultayı etmədən sədr seçiblər”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib.
“Ay Şəfiqə, sən artıq yaşlı qadınsan, bu gün sabah 80 yaşın olacaq. Sənin kinoya aidiyyatın yoxdur. Get Teatr Xadimləri İttifaqına. Gör əgər ora səni buraxsalar! 12 ildir ki, orada boş-boşuna oturmusan. Sənin nə marağın var ki, qır-saqqız kimi qalmısan orada?! Kinonu yaradanlar, kinonun əziyyətini çəkənlər qalıb kənarda, biri orada ittifaq açıb, biri də burada. Nəyə lazımdır axı bunlar?! 5-6 sənət adamı qalıb, onlar da bir-birinə daş atır. Şəfiqə orada 7 ildir ki, qeyri-qanuni oturub. Başa düşmürəm ki, dükandır, mağazadır ya nədir?! İdarə heyətinə sədr seçmək səlahiyyəti qurultayda verilir. Bu ittifaq dövləti aldatmaqla məşğuldur. Yalançı bir təşkilatdır, dövlət onlara pul verir, bunlar da özləri üçün şellənirlər, kef edirlər. Orada pul az deyil. Pul ittifaqın üzvləri üçündür. İttifaq hansısa sənətkara pul ayıranda başa düşmürlər ki, bu dövlətin puludur, sən havayı pul ayırmırsan, dövlətin pulunu ayırırsan. Minnət qoyurlar. Təklif edərdim ki, hər iki ittifaq birləşsin. Mən layiqli sədr kimi xalq artisti Vaqif Mustafayevi, Ayaz Salayevi, Cəmil Quliyevi görürəm. O kinonu sevir, filmləri bir çox ölkələrdə nümayiş olunur. Sədr aktyor, aktrisa olmalı deyil. Kino üçün canı yanan hər zaman rejissor olub. Rejissor çəkib ortalığa çıxarmasaydı onlar bu gün başımıza bu oyunu açmazdılar” deyə sənətkar bildirib.
Qeyd edək ki, bir müddət əvvəl xalq artisti Şəfiqə Məmmədovanın özünü yenidən sədr seçməsi kino işçiləri arasında böyük narazılıqla qarşılanıb.