Fevralın 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı artıq Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında müvafiq bildirişlər göstərilir.
Azərbaycan Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli qərarına əsasən, xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Lakin bugünədək müəyyən yayınma halları mövcud idi. Yuxarıda göstərilən tarixdən isə bəyan edilməyən və rüsumu ödənilməyən mobil cihazların ölkə daxilində İMEİ qeydiyyatı həyata keçirilməyəcək.
Texnobloqer Fərid Pərdəşünas da müvafiq qərarı izah edib. Onun sözlərinə görə, qanuna əsasən, hər bir şəxs 800 dollar dəyərində məhsulu özü ilə ölkəyə rüsumsuz gətirə bilər:“Məsələn, siz 1000 dollara Amerikadan iPhone 14 alıb, ölkəyə gətirirsinizsə, bu zaman onun İMEİ kodunu gömrükdə bəyan etməlisiniz. Və həmin məbləğdən 800 dollar azaldılacaq. Yerdə qalan 200 dollar üçün 36% rüsum ödəniləcək. Yəni rəsmiləşmə üçün 72 dollar ödəniləcək. Əlavə olaraq istifadə üçün İMEİ qeydiyyat rüsumu da 1 ay müddətinə ödənilməli olacaq”.
O qeyd edib ki, burada əsas zərbə müxtəlif yollarla ölkəyə smartfon idxal edib, daha ucuz qiymətə satan kiçik mağazalara dəyəcək.
Xatırladaq ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun İMEİ nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcək.
Gömrük sərhədindən keçirilən mobil telefonun bəyan edilməməsi isə öz növbəsində inzibati məsuliyyət yaradır.