Bakıda marketlərdə alıcılara verilən polietilen torbalar yaxın günlərdən etibarən ödənişli ola bilər.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib. Məktubda qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilsin.
Məsələ ilə əlaqədar bir neçə market şəbəkəsi ilə əlaqə saxladıq. Şirkətlər onlara belə məktub göndərildiyini və hazırda pərakəndə satış sektorunun bununla bağlı hazırlıqlara başladığını bildirdilər. Məlum oldu ki, şirkətlərə fevralın 15-dək vaxt verilib və tapşırılıb ki, bununla bağlı hazırlıq görülsün. Polietilen torbaların satış qiymətlərinə gəlincə, bununla bağlı vahid məbləğ müəyyən olunmayıb. Bunu hər şirkət özü təyin edəcək.