Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunda öz əksini tapıb.
2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanan Anlaşma Memorandumu tərəflərin səfər edərkən və ya orada yaşayarkən öz dövlətinin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsinin sahibi olan vətəndaşların hərəkətini asanlaşdırmaq məqsədilə hazırlanıb.
Memorandumda qeyd olunan nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq (minimum yaş həddini nəzərə alaraq) yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş etibarlı sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlara münasibətdə isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət olunduqda həmin vətəndaşlar nəzərdə tutulan nəzəri və praktiki imtahandan azad edilirlər.
Bu Memorandumun icrası üçün əlaqələndirmə tərəflərin səlahiyyətli orqanları Azərbaycan Daxili İşlər Nazirliyi adından Baş Dövlət Polis İdarəsi, Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi adından isə Nəqliyyat vasitəsinə və sürücülərə vəsiqələrin verilməsi üzrə Federal Baş İdarə həyata keçirir. Memoranduma əsasən tərəf dövlətlərin müvafiq milli qanunvericiliyinə edilən hər hansı əlavə və ya dəyişikliklər barədə təxirəsalinmadan diplomatik kanallar vasitəsilə digər tərəfə məlumat verilməlidir.
Eyni zamanda hər hansı fikir ayrılığı tərəflər birbaşa danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir. Bu Anlaşma Memorandumu bütün prosedurların tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir. Hazırkı Memorandum qeyri-müəyyən müddətə bağlanılır. Ərəb və ingilis dillərində iki əsl nüsxədə imzalanıb. Memorandumun təsvirində hər hansı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətnə üstünlük verilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda təsdiqlənib.